29 aprel 2014 14:40
İnter tarixi rekordunu təkrarlayıb
Bakının “İnter” klubu Topaz Premyer Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, son 6 matçda 17 qol vurmuş və cəmi 2 top buraxmış paytaxt təmsilçisi 18 xal qazanıb.
“Qəbələ” (4:1), “Rəvan” (3:0), “Simurq” (1:0), “Neftçi” (2:1), “Xəzər Lənkəran”ın (4:0) ardından 32-ci turda “Bakı”nı 3 cavabsız qolla üstələyən “İnter” tarixinin rekordunu təkrarlayıb.
Əvvəllər 3 dəfə 6 qələbəni sıralayan bakılılar rekordunu 4-cü dəfə gerçəkləşdirdi. “İnter” 2008-ci ilin yazında – 2007/08 mövsümünün son 6 matçında qələbə qazanmaqla çempionluğu bayram etmişdi. 2008/09 mövsümünün startında – 2008-ci ilin payızında da “İnter” 6 qələbədən ibarət seriyaya imza atmışdı. Çempionluqla nəticələnən 2009/10 mövsümünün ortalarında da eyni nəticəni təkrarlayan komanda qələbələrindən 3-nü 2009-un sonunda, 3-nü 2010-nun əvvəlində əldə etmişdi.
3-dəfə 7-ci qələbəsini qazanmaq imkanını qaçıran paytaxt təmsilçisi mütləq rekorda imza atmaq üçün “Sumqayıt”a qalib gəlməlidir. İndiyədək rəqibindən 1 top da buraxmayan bakılılar bunu bacarsa, həm də mövsümün rekordunu təkrarlayacaq.
Qeyd edək ki, qələbə seriyalarında mövsümün rekordu “Qarabağ”a (7 oyun), ölkə çempionatları tarixinin rekordu isə “Kəpəz”ə (20 oyun) məxsusdur.
(PFL)
