Topaz Premyer Liqasında 32-ci tur həyacanı
Bu gün Topaz Premyer Liqasının 32-ci turunun oyunları baş tutacaq. Azerisport.az xəbər verir ki, həftə içi kubok oyunları keçirildiyindən, turun bütün görüşləri yenə eyni günə təsadüf edəcək.
Tura paytaxtdan kənarda keçiriləcək qarşılaşmalarla start veriləcək. Sumqayıtdakı oyunda eyniadlı komanda "Bakı"nı qəbul edəcək. Son turda "Neftçi" üzərində qazanılan qələbədən sonra Aqil Məmmədovun yetirmələri sonuncu pillədən xilas olub. Təkrəqəmli pillədə qərarlaşan "Sumqayıt" ötən dövrədə də Milinko Pantiçin komandasından səfərdə xal almağı bacarmışdı. "Ağ-göylər" isə ötən turda biabırçı məğlubiyyətlə üzləşmişdi. "İnter"ə böyük hesabla məğlub olan paytaxt klubu Avroliqa iddiasını davam etdirmək üçün səfər görüşündən mütləq xalla dönməlidi.
Bu görüşlə eyni saatda "Qəbələ" - "Simurq" matçına da start veriləcək. Artıq çempionatda demək olar ki, iddiası olmayan Zaqatala təmsilçisi bu görüşə sadəcə, xal hesabını artırmaq üçün çıxacaq. "Qırmızı-qaralar" isə iddiasını davam etdirir. Həm çempionatda, həm də kubokda iddiasını ortaya qoyan əyalət təmsilçisi öz meydanında məğlub olmamağa çalışacaq. Əks təqdirdə turnir cədvəlində "Qəbələ" ən yaxın qonşusu "Bakı"dan bir neçə pillə də geri düşə bilər. Bundan başqa "Qəbələ" kubokun finalına vəsiqə qazanıb və həlledici oyunda qalib gələcəyi təqdirdə birbaşa avrokuboklara vəsiqə qazanacaq.
Növbəti görüşdə AZAL və "Rəvan" komandaları görüşəcək. Bu cütlüyün cari mövsümdə heç bir iddiası yoxdu. "Təyyarəçilər" Tərlan Əhmədovla qalan turlarda bacardığı qədər xal toplamağa çalışırsa, Bayıl təmsilçisi sonuncu pillədən xilas olmağa çalışacaq. Əsas gücünü kuboka yönəldən, lakin mübarizədən kənarlaşdırılan Güvənç Kurtarın yetirmələri indi də sonuncu pillədən qurtulmağa can atır. Əks təqdirdə komanda mövsümün sonunda elitanı tərk etmək təhlükəsi ilə üzləşə bilər.
Növbəti oyunda "İnter" doğma meydanda "Xəzər Lənkəran"ı sınağa çəkəcək. Bu görüşdə azarkeşlər maraqlı oyunun şahidi olacaq. 10 illiyində heç bir uğur qazana bilməyəcən cənubluların çempionatda iddiası qalmayıb. Ümidi yalnız kubok olan Mustafa Dənizli "Qəbələ"dən ağır zərbə aldıqdan sonra həqiqətlə barışmalı olub. "İnter" isə hələ də yoluna davam edir. Bu gedişlə avrokuboklara yollanacaq "bankirlər" turnir cədvəlinin 2-ci pilləsindədi. Sonuncu turda "İnter"in "Bakı" səfərindən böyükhesablı qələbə ilə ayrıldığını nəzərə alsaq, bu gün meydan sahiblərinin qələbə qazanacağını demək olar.
Günün və turun son oyunu mərkəzi arenada baş tutacaq. "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək. Ötən turda "Simurq"a məğlub olan Ağdam klubu çempionluğunu rəsmiləşdirə bilmir. Əgər bu turda "İnter" xal itirərsə və "Qarabağ" ev oyunundan 3 xalla ayrılarsa, komanda rəsmi olaraq özünü çempion elan edə bilər. "Neftçi" isə 3-cü pillədə Avropa iddiasını davam etdirir. Bundan başqa paytaxt təmsilçisi kubokun final mərhələsində "Qəbələ"yə qalib gəlsə, birbaşa avrokuboklara yollanacaq. "Neftçi"nin ən yaxın qonşusu "İnter"lə 3 xallıq fərqin olduğunu nəzərə alsaq, "ağ-qaralar" məğlub olacağı təqdirdə mövsümü hazırkı 3-cü pillədə qapaya bilər.
Topaz Premyer Liqası
32-ci tur
27 aprel
16:00. Sumqayıt - Bakı
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Kərim Ağayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.
16:00. Qəbələ - Simurq
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ şəhər stadionu.
17:00. AZAL - Rəvan
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektorlar: Məhəmməd Məmmədov.
Bakı. “AZAL Arena”.
19:00. İnter - Xəzər Lənkəran
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “Şəfa” stadionu.
20:00. Qarabağ - Neftçi
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Alik Yunusov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
| 1 | Qarabağ | 31 | 20 | 7 | 4 | 60 | 16 | +44 | 67 |
| 2 | İnter | 31 | 17 | 6 | 8 | 51 | 32 | +19 | 57 |
| 3 | Neftçi | 31 | 16 | 6 | 9 | 44 | 38 | +6 | 54 |
| 4 | Bakı | 31 | 14 | 7 | 10 | 47 | 37 | +10 | 49 |
| 5 | Qəbələ | 31 | 14 | 6 | 11 | 39 | 33 | +6 | 48 |
| 6 | Simurq | 31 | 11 | 10 | 10 | 33 | 24 | +9 | 43 |
| 7 | XL | 31 | 9 | 12 | 10 | 32 | 42 | –10 | 39 |
| 8 | AZAL | 31 | 6 | 10 | 15 | 28 | 45 | –17 | 28 |
| 9 | Sumqayıt | 31 | 4 | 9 | 18 | 23 | 51 | –28 | 21 |
| 10 | Rəvan | 31 | 3 | 9 | 19 | 18 | 57 | –39 | 18 |
Bombardirlər:
19 - Reynaldo (Qarabağ)
13 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ)
10 - Draqan Çeran (Simurq)
9 - Baçana Sxadadze (İnter), Etame Mbilla (Xəzər Lənkəran), Leroy Corc (Qarabağ)
8 - Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Con Oluremi (AZAL).
