27 aprel 2014 22:00
Mustafa Dənizli: Nə deyəcəyimi bilmirəm
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 0:3 hesabıyla məğlub olduqları qarşılaşmadan sonra bunları söyləyib:
“Nə deyəcəyimi bilmirəm. Bir neçə həftədir ki, yaxşı oynasaq da, pis oynasaq da məğlub oluruq. Uğursuz bir seriyamız var, bu gün də davam etdi. Çevirə biləcəyimiz bir oyunda məğlub olduq. Bu psixologiya ilə də qələbə qazanmaq olmur. Uğursuz seriyanı qıra bilmədik. Hədəfimiz kubokda uğur qazanmaqdı. Təəssüf ki, yarımfinalda mübarizəni dayandırdıq. Premyer Liqada qazanacağımız bir şey yoxdur. Amma buna baxmayaraq, komanda uğuru çıxış etməlidir. Komandanın yetirmələrinə də diqqət yetirməliyik. Bu layihəni rəhbərliklə bir daha müzakirə edəcəyik. Məğlub olduğumuz üçün üzülürəm. Çox az sayda yerli futbolçulara sahibik. Formada olsalar da, olmasalar da məcburiyyətdən onları meydana buraxırıq. Biri zədələnəndə nə edəcəyimizi bilmirik. Hamısı mövsüm boyu çox çalışdı, komandanın yükünü çəkdilər. Xüsusən də Tural Cəlilov, Elnur Abdullayev, Rahid Əmirquliyev və Rasim Ramaldanov. Qış fasiləsində bəzi oyunçuları heyətimizə cəlb etmək istəyirdik, alınmadı. Transferlər etməyimiz şərtdir. Hər bir futbolçunun problemi ola bilər”.
(PFL)
