27 aprel 2014 01:00
Joze Alesio: Kayrata qarşı oyun, Barselonadan çətin idi
Futzal üzrə UEFA kubokunda III yer uğrunda keçirilmiş “Kayrat” - “Araz” oyunundan (4:6) sonra komandamızın baş məşqçisi Joze Alesio oyunu şərh edib. Azerisport.az Alesionun fikirlərini diqqətinizə çatdırır:
“Çətin oyun idi. Psixoloji planda bizə “Barselona”ya qarşı oyundan çətin idi. “Kayrat”a köklənmək lazım idi. Oyunçularım öz işini gördülər. Rəqibimiz ciddi idi. Onlar ötən Kubokun qalibi idilər. Çox gözəl oyun alındı”.
Əvvəllər “Kayrat”da işlədiyini nəzərə alsaq, Alesio qələbənin prinsipiallığını qabardıb: “Kayrat həmişə yaxşı komanda olub və onu bu gün məğlub etmək, mənim üçün fəxr idi”.
Alesio Namik Məmmədkərimov və Vitali Borisovun oynamamasına da aydınlıq gətirib: “Vitalinin zədəsi var və o, tam hazır deyildi. Namiq isə yarışa üç gün qalmış bizə qoşulub. Onu oyuna alışdırmağa vaxtımız çatmayıb. O, hazır deyildi”.
Məşqçinin sözlərinə görə, “Kayrat”ın qapıçısı İgitaya göstərilmiş qırmızı vərəqə Qazaxıstan çempionu üzərində qələbə qazanmaqda komandamıza kömək olub: “Bu qovulma bizə kömək oldu. Onların qapıçısı çox güclüdür və hücumların gedişində tez-tez meydan oyunçusu kimi istifadə edilirdi”.
Alesio gələcək planlara da toxunub: “Dəyişikliklər olacaq. Heyətimizə ən yaxşılar gələcək. Komandanı yaxşılaşdırmaq, gücləndirmək lazımdır”.
Klubla artıq başa çatmış müqaviləsinə gəlincə, təcrübəli mütəxəssis qeyd edib ki: “Rəhbərliklə görüşmək və müzakirə etmək lazımdır. Qalıb-qalmayacağımı hələ bilmirəm. Bu məsələni hələ həll edəcəyik”.
