Ölkə çempionumuzun ÇL-də növbəti rəqibləri bəlli oldu
Növbəti mövsümdə Şimali İrlandiya və Xorvatiyanı UEFA Çempionlar Liqasında təmsil edəcək komandalar müəyyənləşib. Azerisport.az xəbər verir ki, Şimali İrlandiyada ölkə çempionu adını “Kliftonvill” komandası qazanıb və növbəti mövsümdə ÇL-də ölkəsinin şərəfini qoruyacaq.
Xatırladaq ki, "Kliftonvill" Estoniyanın “Levadiya”, Uelsin “Nyu-Seynts”, Farer adalarının “Torshavn”, Cəbəllütariqin "Linkoln Red İmps" komandaları, həmçinin, adı hələlik bəlli olmayan Andorra, San-Marino və Ermənistan çempionları ÇL-ə birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Azərbaycan çempionu isə ÇL-ə ikinci təsnifat mərhələsindən başlayacaq. Hazırda titula “Qarabağ”ın nəzəri və praktiki şansları “İnter” və “Neftçi”dən daha yüksəkdi.
Mübarizəyə məhz ikinci mərhələdən başlayacaq Xorvatiyanın çempionu adını isə yenə də Zaqreb "Dinamo"su qazanıb. Qeyd edək ki, hazırda ÇL-in birinci və ikinci təsnifat mərhələlərinin 38 iştirakçısından 17-nin adı bəllidi. ÇL-in birinci və ikinci təsnifat mərhələlərinin püşkü iyunun 23-də atılacaq.
