"Heç-heçəni oyuna görə ədalətli nəticə hesab edirəm"
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyun mübarizə şəraitində keçdi. İlk hissədə sönük oyun oldu. Təbii ot örtüyündə oynamaq bizim üçün çətindi. İkinci hissədə daha çox mübarizə oldu, hər iki komanda qalib gələ bilərdi. Qarşımızda duran məqsəd yaxşı oyun göstərmək və qalib gəlmək idi. “Xəzər Lənkəran” kimi iddialı klubla oyunda səfərdə 1 xal qazanmaq da pis deyil. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm. Topa daha çox nəzarət etməyə çalışırdıq. Heç-heçəni oyuna görə ədalətli nəticə hesab edirəm. Əsas heyətin 5 futbolçusu bu gün yox idi. Digər futbolçular onları layiqincə əvəzlədi”.
