15 aprel 2014 12:21
Rəvanlı futbolçular Flaqmanla oyun haqda inamla danışdılar
"Rəvan” klubu Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində "Neftçi”nin qonağı olacaq. Azerisport.az xəbər verir ki, aprelin 16-da "Bakcell Arena”da baş tutacaq duel ərəfəsində "aslanlar”ın kapitanı Novruz Məmmədov və təcrübəli futbolçusu Ramazan Abbasov fikirlərini bölüşüblər.
Novruz Məmmədov: "Oyuna ciddi hazırlaşırıq, bizi necə çətin sınağın gözlədiyinin fərqindəyik. "Rəvan” tarixində ilk dəfə yarımfinala yüksəlib. Bunun davamını gətirmək istəyirik. Məqsədimiz ilk görüşdən sərfəli nəticə ilə ayrılmaqdır. Səfərdə qol buraxmamaq çox önəmlidir. Meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq. Ad-san baxımından rəqib favorit ola bilər, lakin qələbə istək və əzmkarlıq hesabına əldə olunur”.
Ramazan Abbasov: "Yarımfinalda zəif və güclü komanda anlayışı olmur. "Rəvan” kuboku qazanmağa layiq 4 klubdan biridir. Finala çıxmaq öz əlimizdədir. Aydın məsələdir ki, hamımızın arzusu Azərbaycan kubokunu qazanıb, Avropa Liqasına düşməkdir. Rəqibimiz son üç mövsümün çempionudur, tarixi olan bir klubdur. Lakin indiki halda, hər iki komandanın şansları bərabərdir. Düşünürəm ki, ilk görüşdən çox şey asılıdır. Səfərdə qol vurmaq üçün əlimizdən gələni etməliyik”.
(Rəvan FK rəsmi saytı)
