Topaz Premyer Liqasında 30-cu tur həyacanı
Bu gün Topaz Premyer Liqasında 30-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutacaq. Buna səbəb aprelin 16-da Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunlarının keçirilməsidi.
Turun 3 görüşü eyni saatda start götürəcək. "Qəbələ" doğma meydanda AZAL-ı qəbul edəcək. Son turlarda uğursuzluğa düçar olmasına baxmayaraq, bölgə klubu yarımcan Şüvəlan təmsilçisi qarşısında favorit hesab olunur. Səfərdə Axtam Xamroqulovsuz oynayacaq AZAL-da Cavid Tağıyev də forma geyinməyəcək. Buna səbəb yerli futbolçunun xəstələnməsidi. Avropa iddiasını davam etdirən Yuri Syominin komandasının bu oyuna bütün gücünü qoymayacağı istisna deyil. Belə ki, "qırmızı-qaralar" 3 gün sonra kubokun yarımfinal mərhələsində "Xəzər Lənkəran"la üz-üzə gələcək. Komandalar bugünədək 17 dəfə qarşılaşıb. Bunların 7-də "təyyarəçilər", 5-də isə bölgə təmsilçisi qələbə qazanıb. Qalan 5 oyunda bərabərlik qeydə alınıb.
Saat 15:00-da start götürəcək digər bir oyun Bakıda baş tutacaq. Paytaxtın eyniadlı komandası doğma meydanda "Xəzər Lənkəran"ı sınağa çəkəcək. Hər iki komandanın avrokubok iddiasını nəzərə alsaq, bu görüşün maraqlı keçəcəyini proqnozlaşdırmaq olar. Lakin Mustafa Dənizlinin daha çox diqqətini kuboka yönəltdiyi məlumdu. Bu səbəbdən türkiyəli mütəxəssis bir neçə aparıcı futbolçunu meydana buraxmaya bilər. Milinko Pantiç isə avrokubok üçün tək yolun Premyer Liqa olduğunu yaxşı anlayır. Lakin serb mütəxəssis məcburi şəkildə bəzi futbolçuların xidmətindən yararlana bilməyəcək. Rəqiblər 27 dəfə yaşıl meydanda üz-üzə gəlib. Bu görüşlərdən 11-i bərabərliklə başa çatıb. Paytaxt təmsilçisi bu oyunların 9-da, Lənkəran klubu isə 7-də meydanı qalib tərk edib.
Eyni saatda baş tutacaq digər oyunda "Sumqayıt" və "Simurq" komandaları qarşılaşacaq. Sonuncu qələbəsini 26-cı turda qazanan Zaqatala təmsilçisi bu oyunu qalib başa vurmağa çalışacaq. Aqil Məmmədovun komandası isə 3 xal qazanıb, sonuncu pillədən xilas olmağa çalışır. AFFA-prezidentinin son açıqlaması "Rəvan" və "Sumqayıt" klublarında vəlvələ yaratdı desək, yanılmarıq. Komandalar cəmi 9 dəfə üz-üzə gəlib. Maraqlısı ondadı ki, Georgi Çixradzenin yetirmələri bütün görüşlərdə meydanı 3 xalla tərk edib. "Sumqayıt" "Simurq"la qarşılaşmadan bir dəfə də olsun, qalib ayrılmayıb.
Növbəti qarşılaşma "Şəfa" stadionunda baş tutacaq. Paytaxt derbisində "İnter" və "Neftçi" komandaları qüvvələrini sınayacaq. Komandaların iddiasına və aralarındakı xal fərqinə (3 xal) nəzər yetirsək, maraqlı oyunun keçəcəyini demək olar. Əgər Kaxaber Sxadadzenin komandası qələbə qazansa, 2-ci pilləni ələ keçirəcək. Böyükağa Hacıyevin yetirmələri meydanı qalib tərk etsə, hazırkı mövqeyini qorumuş olacaq. Bakı təmsilçisiləri bugünədək 38 dəfə qarşılaşıb. Bu görüşlərin 19-da "Neftçi", "İnter" isə 7 dəfə meydanı 3 xalla tərk edib. 12 dəfə isə komandalar 1 xala razılaşıb. "Bankirlər" kubokda mübarizəni dayandırdığı üçün Avropaya gedən yolun təkcə Premyer Liqadan keçdiyini yaxşı başa düşür. "Neftçi" isə hələ kubok iddiasını davam etdirir.
Turun və günün son qarşılaşması mərkəzi arenada baş tutacaq. Burada lider "Qarabağ" doğma meydanda "Rəvan"la münasibətlərinə aydınlıq gətirəcək. Bayıl klubu ilə istədiyi oyunu nümayiş etdirə bilməyən Qurban Qurbanov artıq çempionluğu təmin etmiş hesab edilir. Düzdü, hələ rəsmi çempionluq olmasa da, Ağdam klubunun 10 xallıq fərqi əldən verəcəyi real görünmür. Kubok uğrunda yarışda "Qəbələ" ilə mübarizədən məğlub ayrılan "Qarabağ"ın Güvənç Kurtarın komandası üzərində qələbəsi gözləniləndi. Çünki "Rəvan"ın kubokun yarımfinalında "Neftçi" ilə qarşılaşacağını nəzərə alsaq, böyük ehtimalla "aslanlar"ın rahat təslim olacağını gözləmək olar. Cütlüklər cəmi 7 dəfə bir-birinə qarşı mübarizə aparıb. Bu görüşlərin 3-də "Qarabağ" qələbə qazanıb. Qalan 4 oyun isə sülhlə yekunlaşıb.
Topaz Premyer Liqası
30-cu tur
12 aprel
15:00. Qəbələ – AZAL
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Qəbələ. Qəbələ şəhər stadionu.
15:00. Bakı – Xəzər Lənkəran
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Nahid Əliyev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
15:00. Sumqayıt – Simurq
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
17:00. İnter – Neftçi
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mübariz Haşımov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. “Şəfa” stadionu.
18:30. Qarabağ – Rəvan
Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
| 1 | Qarabağ | 29 | 19 | 7 | 3 | 55 | 14 | +41 | 64 |
| 2 | Neftçi | 29 | 16 | 6 | 7 | 42 | 33 | +9 | 54 |
| 3 | İnter | 29 | 15 | 6 | 8 | 45 | 31 | +14 | 51 |
| 4 | Bakı | 29 | 14 | 6 | 9 | 45 | 31 | +14 | 48 |
| 5 | Qəbələ | 29 | 13 | 5 | 11 | 37 | 32 | +5 | 44 |
| 6 | Simurq | 29 | 10 | 9 | 10 | 31 | 23 | +8 | 39 |
| 7 | XL | 29 | 9 | 10 | 10 | 29 | 39 | –10 | 37 |
| 8 | AZAL | 29 | 6 | 8 | 15 | 27 | 44 | –17 | 26 |
| 9 | Rəvan | 29 | 3 | 9 | 17 | 16 | 50 | –34 | 18 |
| 10 | Sumqayıt | 29 | 3 | 8 | 18 | 19 | 49 | –30 | 17 |
Bombardirlər:
18 - Reynaldo (Qarabağ)
12 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ)
9 - Draqan Çeran (Simurq), Etame Mbilla (Xəzər L), Baçana Sxadadze (İnter).
8 - Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ).
