11 aprel 2014 14:22
Georgi Nikolov: AFFA-nın baş katibi ticarət məsələsini ifşa etməməli idi
“İnter”in prezidenti Georgi Nikolov azerisport.az saytının müxbiri ilə söhbətində təsdiqləyib ki, “bankirlər” Şəfa stadionunu AFFA-dan 4 milyon 250 min manata alıblar:
“Düzünü deyim ki, AFFA-nın baş katibi Elxan Məmmədov bu haqda mətbuata bildirməklə, məsələyə düzgün yanaşmayıb. Ticarət məsələlərinin ifşa edilməsi nə AFFA baş katibinin, nə də “İnter” prezidentinin səlahiyyətinə daxil deyil. Bu, məni təəccübləndirdi. Buna rəğmən, məlumatın düzgünlüyünü təsdiqləyirəm. Biz həqiqətən də bu məbləğə razılaşmışıq”, deyə Nikolov bildirib.
“Arenanın satın alınması barədə bir ildən çoxdur ki, razılıq var. “İnter” bu pulları dərhal ödəyə bilməzdi və biz AFFA ilə hissə-hissə ödəniş haqda razılaşdıq. Deyə bilərəm ki, məbləğin yarısından çoxu ödənilib. Beynəlxalq bankın təmsilçiləri ilə mənim söhbətim olacaq ki, bu məsələ mümkün olduqca tez həllini tapsın. Qarşıdakı iki ayda bu sövdəni yekunlaşdırmaq istərdim. Biz arenanı öz balansımıza qəbul etməli və onunla lazım olduğu kimi davranmalıyıq. “Şəfa” stadionu ilə bağlı böyük planlarımız var”, deyə bolqar mütəxəssis bildirib.
Nikolovun sözlərinə görə, arenanın dəyəri müəyyən edilmiş məbləğə tamamilə uyğundur: “Hesab etmirəm ki, bu, kiçik məbləğdir. Məbləğ kifayət qədər sanballıdır. Biz şadlıq evi və ya böyük mehmanxana kompleksi almamışıq. Onun necə istifadə ediləcəyini nəzərə almaq lazımdır. Bu, idman kompleksidir ki, burada bir neçə idman növü inkişaf etdiriləcək. Qiymət tamamilə qəbulediləndir”, deyə “İnter”in prezidenti fikirlərini tamamlayıb.
