Simurqun prezidenti Joma şirkəti ilə yeni müqavilə imzaladı
"Simurq"un prezidenti Anar Bəkirov İspaniyaya işgüzar səfərə gedib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin rəhbəri səfər zamanı paytaxt Madriddə "Joma" şirkətinin rəhbərliyi ilə görüşüb, gələcək əməkdaşlıq müzakirə edilib.
Nəticədə, yüksək keyfiyyətli idman geyimləri və aksessuarlarına görə dünyada məşhur olan marka ilə "Simurq" arasındakı müqavilə daha bir il müddətinə artırılıb. Növbəti mövsümdə Zaqatala təmsilçisi "Joma" şirkətinin istehsalı olan geyim dəstlərindən istifadə edəcək. Yaxın günlər ərzində isə komandanın yeni forması ictimaiyyətə təqdim ediləcək.
Klub prezidenti səfər müddətində bir neçə tanınmış menecerlə də görüşlər keçirməyi planlaşdırır. Anar Bəkirov bu gün həmçinin Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Atletiko" - "Barselona" oynuna da tamaşa edəcək.
