7 aprel 2014 15:44
Yaşar Seyidov Tahir Süleymanovun cavabını verdi
“Bakı”nın vitse-prezidenti Yaşar Seyidov azerisport.az saytına açıqlamasında “Neftçi”dən olan öz həmkarı Tahir Süleymanovun “Bakı”nın baş məşqçisi Milinko Pantiç haqda dediyi sözlərə cavab verib.
Xatırladaq ki, Tahir Süleymanov Pantiçin Azərbaycana milyonlar dalınca gəldiyini bildirmişdi.
“Pantiçin Azərbaycanda əsas məqsədi gənc oyunçuları üzə çıxarmaqdır. O, yerli futbola kömək üçün çağırılıb. Qoy Süleymanov Google və ya YouTube səhifələrini açıb “Bakı”nın hazırkı məşqçisinin ölkəmizə gələnə qədər nə işlə məşğul olduğuna baxsın. Pantiç Aşqabaddan olan kolxozçulara qarşı oynamayıb. O, “Real”, “Barselona”, “Sevilya” və s. kimi komandalara qarşı çıxış edib. O, bir oyunda “Barselona”nın qapısına dörd qol vurmuş yeganə futbolçudur. O, yeganə futbolçudur ki, büstü “Visente Kalderon” stadionunda dayanıb. Qoy Süleymanov topun Mahir Şükürovun əlinə toxunduğu məqama baxsın və hakimin nə üçün penalti vermədiyini düşünsün”, deyə Seyidov bildirib.
