5 aprel 2014 15:33
Əfran İsmayılov qayıtdı, Rauf Əliyev müalicə alır
“Bakı” sabah Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu gün "zolaqlılar" oyunöncəsi son məşqini keçirib.
Saat 11:20-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləriylə start verilib. Növbəti tapşırıqda isə futbolçular iki qrupa bölünərək topla əyləncəli qaçdı-tutdu oynayıb. Ardınca “kvadrat”a da yer verilib. Düzülmüş 5 maneə üzrə sürətli qaçış yarışından sonra ikitərəfli oyun da baş tutub. Rəmzi olaraq “narıncılar” və “göylər”in mübarizəsində birincilər (1:0) üstün olub.
Onu da vurğulayaq ki, zədəsini müalicə etdirən Rauf Əliyev, Elvin Məmmədov və Namiq Ələsgərov məşqdə iştirak etməyib. Əvəzində zədəsini tam sağaldan Əfran İsmayılov kollektiv məşqlərə qoşulub.
(Klub saytı)
