1 aprel 2014 12:40
Andrey Syomin Qəbələni 5000 manat ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda AFFA bayrağı altına keçirilmiş yarışlarda baş vermiş neqativ hallar müzakirə edilib, müvafiq cərimə və cəzalar açıqlanıb.
28 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXVIII turunun “Sumqayıt” - AZAL matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 55-ci dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Mehman Yunusov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.
29 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXVIII turunun “Neftçi” - “Xəzər Lənkəran” matçının 28 və 32-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən protexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
29 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXVIII turunun “Bakı” - “Simurq” matçının 45+1-ci dəqiqəsində “Bakı” klubunun 31 №-li futbolçusu Vüqar Mustafayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.
29 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXVIII turunun “Qarabağ” - “Qəbələ” matçının 78-ci dəqiqəsində “Qəbələ” klubunun 36 №-li futbolçusu Elnur Allahverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 65-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Andrey Syomin hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.
(AFFA)
