27 mart 2014 17:22
Məmmədovun investisiyası Lansın büdcəsini 50 milyon avroya çatdıra bilər
Fransa mətbuatı “Lans”ın prezidenti Jerve Mertelin bu yaxınlarda klubun şəriki və “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovla görüş keçirdiyi Azərbaycanın paytaxtına üçgünlük səfərini qeyd edib. Azerisport.az xəbər verir ki, Fransanın “L'Equipe” nəşrinə görə, Mertel klubun hazırkı xərclərinə dair hesabat verib:
“Xərclər 10 milyon avroya yaxındır ki, bu da, tamamilə gözlənilən idi. Mən, həmçinin, həmkarımın növbəti mövsümlə bağlı fikirlərini dinlədim”.
Fransız nəşri qeyd edib ki, hazırda Məmmədov yeni investisiyanın məbləği ilə bağlı müəyyənləşməyib: “Klubu alarkən, 19,5 milyon avro investisiya qoyulub. Ancaq növbəti mövsümdə Məmmədovdan dəstək olmaya da bilər ki, bu da, xərclərin ödənilməsi üçün futbolçuların satışa çıxarılması ilə nəticələnə bilər”.
Bununla belə, qeyd edilir ki, müvafiq sonluq heç də ən real fərziyyə deyil: “Belə bir sonluğun ehtimalı azdır və hazırda yalnız təxmindən söhbət gedir”, deyə digər Fransa nəşri “MadeInLens” qeyd edib.
“Avropanın ən ümidverici klublarından birinə Məmmədovun yeni investisiyaları üçün bütün şərtlər var (15 milyon avro məbləği barədə məlumat var). Həmçinin, növbəti mövsüm üçün klub büdcəsinin 25 milyon avrodan 50 milyon avroya artırılması mümkündür”, deyə MadeInLens nəşri qeyd edib.
