27 mart 2014 13:00
AFFA Millətlər liqasının lehinə səs verdi
Qazaxıstanın paytaxtı Astanada UEFA-nın növbəti konqresi keçirilir. Azeripsort.az xəbər verir ki, konqres 2018-ci ildən başlayaraq, milli komandalar arasında beynəlxalq dərəcəli Millətlər liqası turnirinin təsisinə razılıq verib.
Müvafiq turnirin keçirilməsinə dair səsvermədə UEFA-nın 54 üzvünün hamısı, o cümlədən, AFFA yekdilliklə lehinə səs verib.
Yarışın formatı barədə fikirlər hələlik müzakirə mərhələsindədir. Ancaq, dörd divizionun yaradılması nəzərdə tutulub. Qaydalara əsasən, komandalar nəticələrə müvafiq olaraq, divizionlar arasında düşüb yüksələcək. Millətlər liqası turniri AÇ-nin təsnifat mərhələsi ilə birləşdiriləcək ki, bu da, AÇ-nin final mərhələsinə əlavə şans verəcək. Yarış həmçinin, milli komandaların yoldaşlıq görüşlərini əvəzləyəcək.
AÇ-2020-nin təsnifat mərhələsi ərəfəsində hər bir divizion tərkibində 3-4 komanda olmaqla, 4 qrupa bölünəcək. Beləliklə, yığmalar 2018-ci ilin sentyabr-noyabr aralığında müvafiq olaraq, 4-6 oyun keçirəcəklər.
“A” Divizionunun qrup qaliblərinin iştirakı ilə Dördlər finalı 2019-cu ildə başlayacaq. AÇ-yə əlavə yerlər uğrunda pley-off oyunları isə 2020-ci ilin martında baş tutacaq.
