23 mart 2014 19:33
Qurban Qurbanov: Rəqib ikinci hissənin ortalarında yoruldu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov PFL-in 27-ci turu çərçivəsində keçirilmiş oyunda komandasının öz meydanında “Sumqayıt” üzərində 3:0 hesablı qələbəsini şərh edib. Azerispoirt.az xəbər verir ki, Qurbanov bunları söyləyib:
“Bizim üçün vacib oyun idi. Ağır qrafiklə oynayırıq. Futbolçularda yorğunluq hiss olunurdu. Oyun intizamımızı sona kimi pozmadıq və qələbə qazandıq. “Sumqayıt”ın öz oyun üslubu var. Sürətli əks-hücumlar qururlar, topla yaxşı davranırlar. İlk hissədə bir neçə qol imkanları oldu. Son vaxtlar bütün komandalar üçün təhlükəli rəqibdirlər. Buna baxmayaraq, bu hücumların qarşısını aldıq və ikinci hissənin ortalarında rəqib yoruldu. Yaranmış boşluqlardan istifadə etdik və 3 qol vurduq. “Sumqayıt”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.
(PFL)
