19 mart 2014 14:22
Neftçi Platyeni icarəyə verdi
“Neftçi” PFK komandanın hollandiyalı hücumçusu Melvin Platyeni icarəyə verib. Azerisport.az xəbər verir ki, Platye avqustun sonuna qədər İsveçin “Kalmar” klubunda çıxış edəcək.
“Hələ qışda Hollandiyanın “Roda” klubu Platyeni icarəyə götürmək istəyirdi. Ancaq Böyükağa Hacıyev futbolçuya daha bir şans vermək qərarına gəldi. Görünür, Platye çempionatımıza uyğunlaşa bilmədi. O, Avropada tələb olunan futbolçudur. Dünən biz İsveç klubu ilə müqavilə imzaladıq. İki-üç gündən sonra isə Platye yeni komandasının düşərgəsinə yola düşəcək. İki klub arasında razılaşmaya rəğmən, biz yayda Platyeni satışa çıxarmaq hüququnu özümüzdə saxlayırıq”, deyə klubun vitse-prezidenti Tahir Süleymanov müxbirimizə bildirib.
Xatırladaq ki, Platye ilə “Neftçi” arasında müqavilə 2015-ci ilin yayında başa çatacaq.
