18 mart 2014 11:48
TPL-də mövsümün 300-cü qolu vurulub
Topaz Premyer Liqasının 26-cı turu bir sıra məqamlarla yadda qalıb. Azerisport.az maraqlı məqamları diqqətinizə çatdırır:
Topaz Premyer Liqasında 2013/14 mövsümünün 300-cü qolu vurulub. “Rəvan”la ev oyununun 13-cü dəqiqəsində rəqib qapısına yol tapmış “Simurq”un futbolçusu Rəşad Eyyubov 26-cı turun ilk, cari mövsümün 300-cü qolunun müəllifi olub.
26-cı turda vurulan qollar sayəsində bu rəqəm 310-a çatıb. Çempionatın baş tutan 130 oyununda orta məhsuldarlıq 2,38-ə bərabər olub. 310 qoldan 171-i meydan sahibləri, 139-u qonaqların hesabındadır. Qollardan 144-ü ilk, 166-sı ikinci hissədə vurulub.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. 100-cü qol isə AZAL-ın oyunçusu Qərib İbrahimovun, 200-cü isə onun komanda yoldaşı Con Olureminin hesabındadır. Onlar müvafiq olaraq 9-cu turun “Simurq” və 18-ci turun “Neftçi” ilə qarşılaşmalarında fərqləniblər.
(PFL)
