18 mart 2014 11:44
Rəvan Bakıya qarşı kubok oyununa köklənib
Bu həftə “Rəvan” Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Bakı” ilə cavab görüşünə çıxacaq. Azerisport.az xəbər verir ki, çərşənbə günü 14:00-da başlayacaq oyun üçün komanda tam qüvvə ilə hazırlaşır.
Hətta bu oyuna görə baş məşqçi Güvənc Kurtar “Simurq”la səfər oyunu üçün Zaqatalaya 4 cəzalı futbolçu olmaqla, 10 aparıcı oyunçunu aparmamışdı. Bakıda qalan futbolçular “Bayıl Arena”da köməkçi məşqçilərin rəhbərliyi altında məşqləri davam etdirirdi. Dünən komanda yenidən tam şəkildə toplaşıb. "Bayıl Arena”da baş tutan axşam məşqində komandanın bütün üzvləri iştirak edib.
Ənənəvi isinmə hərəkətlərindən sonra futbolçular taktiki-texniki hazırlığa başlayıb. Müxtəlif təmrinlərin həyata keçirildiyi məşqdə taktiki gedişlər üzərində də çalışıblar. Sonda futbolçular standart vəziyyətlər üzərində də işləyiblər.
(Klub saytı)
