16 mart 2014 20:44
Böyükağa Hacıyev: Öz karyeramı kiməsə görə qurban verə bilmərəm
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində komandasının AZAL-a qarşı keçirdiyi oyunu (2:1) şərh edib. Azerisport.az xəbər verir ki, Hacıyev bunları söyləyib:
“Maraqlı oyun alındı. Bir komanda hücum edirdi, digəri müdafiə olunurdu. Baş məşqçi dəyişikliyi rəqib komandanın oyununa təsir edib. Vaqif Sadıqovun dövründə AZAL daha istəkli oynayırdı. Ona böyük hörmətlə yanaşıram. İki top fərqi ilə irəli keçdikdən sonra Bahodır Nasimovun bir neçə qol imkanı oldu, amma istifadə edə bilmədi. Yolumuza davam edirik. Qarşıda “İnter”ə qarşı keçirəcəyimiz kubok oyunu var. Bundan sonra “Rəvan”la qarşılaşmamız var. Düşünürəm ki, çətin olmayacaq. Rəşad Sadiqov özünü yaxşı hiss etmir, son zamanlar ona istirahət veririk. Mirhüseyn Seyidov onun yoxluğunu hiss etdirmədi. Futbolda əvəzolunmaz futbolçu yoxdur. “Neftçi”də kifayət qədər oyunçu var, qalır ki, 11-liyi düzgün seçəsən. Cavid İmamverdiyə imkan yaratdım. Dünən əvəzedicilərdə oyuna çıxdı. Bir hissə oynayıb komandaya qoşulmalı idi. O isə hər iki hissədə meydanda oldu. Bir az səhlənkar olduğu üçün bu gün heyətdə yox idi. Öz karyeramı kiməsə görə qurban verə bilmərəm. Qarşıda hələ 10 oyun var, çox şey ola bilər. Ernest Nfor səviyyəli futbolçudur, komandaya lazımlıdır. Həm oyun qurucusu, həm dayaq yarımmüdafiəçisi, həm də sırf hücumçu kimi oynaya bilər. Ondan narazılığım yoxdur”.
(PFL)
