7 mart 2014 18:00
AFFA İcraiyyə Komitəsinin çıxardığı bütün qərarlar
Bu gün Hilton otelində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Topaz Premyer Liqasının 2014-15-ci il mövsümündən limit 6+4+1 (6 əcnəbi, 4 yerli və 1 yerli 23 yaşadək - 1992-ci il təvəllüdlü) formatında tətbiq olunsun. Lakin oyunun protokoluna daxil edilən 18 futbolçudan biri mütləq 21 yaşadək (1994-cü il təvəllüdlü) olmalıdır;
2. 2014-15-ci il mövsümündən etibarən I divizionda oynayan klubların heyətində yaşı 23-dək (1992-ci il təvəllüdlü) 8 yerli futbolçu olmalıdır;
3. Lisenziya tələblərinə uyğun olacağı təqdirdə 2014-15-ci il mövsümündən Topaz Premyer Liqasının 12 komandanın iştirakı ilə keçirilməsi müzakirə olunsun;
4. Respublika ərazisində təşkil olunan bütün futbol oyunları AFFA tərəfindən təsdiq olunduqdan sonra keçirilməlidir;
5. Auto Azerbaijan şirkətinin maliyyə direktoru Ziya Babayev Apellyasiya və Ekspert Komissiyasının üzvü seçilsin;
6. Klublarda oynayan 23 yaşadək (1992-ci il təvəllüdlü) yerli futbolçuların əmək haqları ilə bağlı monitorinq aparılsın və onlar üçün müvafiq əmək haqqı müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq İcraiyyə Komitəsinə təqdim olunsun;
7. AFFA-nın 2008-ci ildən balansında olan Göyçay şəhər stadionu rayon icra hakimiyyətinin müraciətinə əsasən Göyçay rayon Gənclər və İdman idarəsinin balansına verilsin.
(AFFA)
