24 fevral 2014 11:55
Berti Foqts: Azərbaycan üçün qrup üçüncülüyü arzulara yaxın olardı
Millimizin baş məşqçisi Berti Foqts UEFA-nın rəsmi saytına açıqlamasında AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri ilə bağlı fikrini bildirib. Azerisport.az xəbər verir ki, Foqts bunları söyləyib:
“Mən şadam ki, biz İtaliya ilə oynayacağıq. Xorvatiyanı da nəhənglərə aid etmək olar. Hər iki komanda DÇ-yə çıxıb. Beləliklə, Azərbaycanda bayram olacaq. Deməliyəm ki, biz bir komanda kimi güclənmişik. Məsələn, ötən mövsümdə biz yalnız üç oyunda məğlub olduq: Portuqaliyaya qarşı oyunlar və Rusiya ilə səfər oyununda. Əminəm ki, favoritlərə bizimlə asan olmayacaq.
Azərbaycan üçün qrup üçüncülüyü arzulara yaxın olardı. Ancaq futbolda hər şey mümkündür. Ehtimalı sevmirəm, bu səbəbdən də yığa biləcəyimiz xalların miqdarını söyləməyəcəyəm. Əsası, oyundan oyuna yaxşı oynamaq və hər komanda ilə mübarizə aparmaq, meydanda 100 faiz can yandırmaqdır. Öyrəndiklərimizi nümayiş etdirə bilsək, meydanda toparlanmağımızı itirməsək, bu halda, bizim şansımız var”.
