Lyuboslav Penev: Azərbaycan yığmasının qrupla bağlı iddialarına təəccübləmirəm
Bolqarıstan yığmasının baş məşqçisi Lyuboslav Penev AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri ilə bağlı azerisport.az saytının müxbirinin suallarını cavablandırıb:
- “H” qrupu haqda təəssüratlarınız?
- Düşünürəm ki, bizim qrupumuz təsnifat mərhələsində çətin qruplardandır. Əgər ən çətini deyilsə də. Gizlətməyəcəyəm ki, xüsusilə şad deyiləm.
- Qrupda sizi məhz hansı yığma narahat edir?
- Deyərdim ki, komandalar təqribən eyni səviyyədədir. Əlbəttə, İtaliya yığmasından başqa. Bizi çətin oyunlar gözləyir. Özü də bütün rəqiblərlə. Əminəm ki, bir oyun da belə, asan olmayacaq.
- Bəs Azərbaycan yığmasına qarşı oyunlar?
- O cümlədən.
- Berti Foqtsun yetirmələrini yaxşı tanıyırsınız?
- Məlumatım çox deyil. Ancaq ümumi məlumatlarım var. Ancaq indi Azərbaycan bizim rəqibimizdir. Beləliklə, onu hərtərəfli öyrənməyə başlayacağıq.
- Onda bilin ki, Azərbaycan yığması qrupda üçüncü yer uğrunda mübarizə aparmağı qarşısında məqsəd qoyub.
- Azərbaycan yığmasının iddiaları məni zərrəcə təəccübləndirmir. Qrupumuz bərabərdir. Burada hər şey ola bilər. Qalib isə ən az xal itirən olacaq.
- Sizin qarşınızda hansı məqsəd var?
- Bolqarıstanı AÇ-yə çıxarmaq. Bu, necə alınacaq, bilmirəm. İkinci yer uğrunda oynamağa çalışacağıq. İnanıram ki, norveçli həmkarlarım da həmin məqsədi tutublar. Ancaq biz öz işlərimizə baxırıq.
- Bolqarıstan futbolu yaxşı dövrlərini yaşamır.
- Təəssüf ki, yeni nəsil özünü hələlik doğrultmayıb. Bunun üzərində çalışırıq və ümid edirəm ki, yeni mərhələdən hər şey yaxşıya doğru dəyişəcək.
