24 fevral 2014 17:55
Daniel Subotiç: Nə üçün penaltini vurmağı mənə vermədilər? Syomindən soruşun...
TPL-in 23-cü tur çərçivəsində keçirilmiş “Qəbələ” - “Rəvan” oyunu (0:0) zamanı “radarlar” iki əlverişli vəziyyəti boşa verməklə yadda qaldılar. Azerisport.az xəbər verir ki, hakimin təyin etdiyi iki penaltini boşa vermiş şimal komandası sonda iki qiymətli xal itirdi.
Ebesilio və Leonardo 11 metrlik cərimə zərbəsini vursalar da, rəqib qapıçı Sapela gözəl oynadı. Hər iki halda nöqtəyə “Qəbələ”nin hücumçusu Daniel Subotiç yaxınlaşmaq istəsə də, Syomin hər iki halda hollandiyalı və braziliyalı futbolçuya işarə etdi və...
Daniel Subotiç bu barədə azerisport.az saytına açıqlama verib:
“Nə üçün penaltini vurmağı mənə vermədilər? Məşqçidən soruşun... Bəli, mənə bu imkanı vermədilər. Ancaq mən dua edirdim ki, biz qol vuraq. Mənim üçün kimin qol vuracağının fərqi yoxdur. Ancaq o vəziyyətlərdə sərrast olacağıma inanırdım. İkinci epizodda hətta topu əlimə alıb nöqtəyə yaxınlaşdım. Ancaq Yuri Syominin sözlərindən sonra topu Leonardoya verməli oldum. “Rəvan”la oyunda doğrudan da bəxtimiz gətirmədi. Ərazi üstünlüyünə sahib olasan, iki penalti qazanasan və qələbə qazanmayasan, bu, bəxtsizlikdir”.
