21 fevral 2014 17:17
AFFA rəsmisindən jurnalistlərə maşın vədi verildi
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu jurnalistlərə müraciət edib. Azerisport.az xəbər verir ki, federasiya rəsmisi müraciətində qələm əhlinin araşdırma aparmasını xahiş edib.
Buna səbəb, mətbuatda yayılan xəbərlərə görə, Nərimanoğlunun hansısa klub rəhbərindən oğluna maşın almasını xahiş etməsi haqda səslənən fikirlərdir. Guya klub prezidenti AFFA rəsmisinin bu xahişini yerinə yetirib.
Nərimanoğlunun etirazı da bu xəbərlə bağlıdır. O, jurnalistlərdən həmin xəbərin araşdırılmasını xahiş edib. Həmin müraciəti olduğu kimi təqdim edirik:
"KİV əməkdaşlarının nəzərinə
Hörmətli həmkarlar!
Son günlər bəzi internet portallarında mənim xahişimə əsasən hansısa klub rəhbəri tərəfindən oğluna maşın alındığı barədə əsassız məlumatlar yayılır. Bunu nəzərə alaraq, sizdən xahiş edirəm ki, bunu sona qədər araşdırın. Kim mənim oğluma və mənə hansısa maşının kimsə tərəfindən hədiyyə edildiyini tapsa, mən həmin maşını o jurnalistə hədiyyə edəcəyəm.
Məlumat üçün bildirirəm ki, böyük oğlum əsgərlikdədir (daxili qoşunlarda), kiçik oğlum isə hələ orta məktəbdə (9-cu sinif) oxuyur".
