21 fevral 2014 13:22
Tuqrul Erat: Buraxılmış qol bizə zərbə vurdu
Gənclərdən ibarət millimizin və Düsseldorf “Fortuna”sının yarımmüdafiəçisi Tuqrul Erat İkinci Bundesliqanın 21-ci turu çərçivəsində Berlin “Union”una qarşı oyunda rəqibə vurduğu qoldan və komandasının növbəti turda üz-üzə gələcəyi ”Bohum”a qarşı oyun haqda danışıb. Azerisport.az Eratın fikirlərini diqqətinizə çatdırır:
“Təbii ki, oyunun sonuna yaxı yorulmuşdum. Haradasa 70-80-ci dəqiqədən sonra ayaqlarım sanki daha da ağırlaşmışdı”, deyə Erat sözə başlayıb.
Öz qoluna və bunu qeyd etməsinə toxunan futbolçu bildirib ki: “Hələ ötən oyun Cimm Hofferə vəd vermişdim ki, qol vursam, bunu ilk növbədə onunla bölüşəcəyəm. Ancaq o oyunda fərqlənə bilmədim. Bu dəfə isə fərqlənib ötən təqsirimi yudum.”
Eratın sözlərinə görə, vurulmuş qol komandasına arxayınlaşdırıcı təsir göstərdi: “mən qola çox sevindim. Bir neçə vəziyyətdən sonra biz nəhayət ki qol vura bildik. Ancaq hesabda irəli olaraq biz süstləşdik. Bizə qol vurulanda isə bu, bizə yüngülcə zərbə oldu və müəyyən müddət biz daha çox müdafiə olunduq”.
Qarşıdakı tur oyunu haqda danışarkən, Erat berlinlilərlə heç-heçədən narazılığını səsləndirib və növbəti oyunda səhvlərini aradan qaldırmaq istəyini izhar edib: “Bohum”la oyunda heç-heçədən daha artığına ümid edə bilərik. Bohumda mütləq qalib gəlməliyik. Çünki bizə xallar lazımdır. Axı rəqib bizdən yalnız bir xal geri qalır və büdrəsək, yarış cədvəlində bizi qabaqlaya bilərlər”, deyə Azərbaycan millisinin oyunçusu fikirlərinə xitam verib.
Xatırladaq ki, “Fortuna” 27 xalla yarşı cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “Bohum” isə bir xal və bir pillə geridə qalır.
(RP Online)
