14 fevral 2014 12:22
Əvəzedicilərin oyununda nadir hadisə
“İnter”in əvəzedici komandasının baş məşqçisi Rüstəm Əliyev azerisport.az saytına açıqlamasında əvəzedicilər arasında çempionatın 21-ci turu çərçivəsində “Simurq”a qarşı keçirilmiş oyunun (2:2) sonunda baş vermiş dava-dalaşa şərh verib:
“Vurulmuş penaltidən sonra Coşqun Diniyev zərərsiz bir jestlə ehtiyat oyunçular skamyasında olan “Simurq” təmsilçilərindən birinə cavab verdi. Coşqun bütün oyun boyu nədənsə ona təhqir ünvanlayan bu adamın təhqirinə cavab verdi. Nəticədə araya qova düşdü. Bəzi oyunçular meydana çıxıb əl-qol atmağa başladı. Futbolçumuz Fərhad Budaqovun isə dodağını partladıblar. Belə hal, əvəzedicilərin oyunlarında nadir hadisədir”.
“Simurq”un mətbuat xidmətində saytımızın müxbirinə bildiriblər ki, bu hadisə əhəmiyyətsiz bir an olub: “Əslində xüsusi heç bir şey olmayıb. Bəli, Diniyevin vurduğu penaltidən sonra azarkeşlər tribunalardan öz narazılıqlarını dilə gətiriblər. Ancaq polisin və stadionun təhlükəsizlik xidmətinin müdaxiləsindən sonra bu hadisənin qarşısı alınıb”.
