13 fevral 2014 11:00
Vaqif Sadıqov: Müzakirələrin məqsədi 2020-ci ilə güclü, rəqabət apara biləcək milli komanda formalaşdırmaqdır
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov AFFA baş katibi Elxan Məmmədov, PFL rəhbəri Ramin Musayev və millinin baş məşqçisi Berti Foqtsun TPL klublarının məşqçiləri ilə görüşündəki müzakirələrin məqsədi, həmçinin, TPL-in 21-ci turunda “Qarabağ”a qarşı keçiriləcək oyunla bağlı azerisport.az saytının suallarını cavablayıb:
“İlk növbədə bu görüşün təşkilatçılarına minnətdarlıq edirəm. Nəhayət ki, biz millinin baş məşqçisi və klub funksionerlərinin dialoqunu gördük. Düşünürəm ki, bu görüş izsiz keçməyəcək və yerli futbola xeyir verəcək. Müzakirələr çox maraqlı idi. Vaxt da tez keçdi. Təəssüf ki, əksərimiz komandamızın məşqinə gecikirdik. Bu səbəbdən çox vaxt ayıra bilmədik. Yəqin ki bu müzakirələr AFFA İcraiyyə komitəsinin və birbaşa olaraq Assosiasiyanın qəbul edəcəyi qərarlara təsir edəcək”, deyə Sadıqov sözə başlayıb.
O, qeyd edib ki, müzakirələrin əsas mövzusu legioner limiti olub: “Daha çox legioner limiti haqda danışılıb. Ancaq biz hələlik yekdil rəyə gəlməmişik. Bu sualla əlaqədar, Berti Foqtsu da dinləmək maraqlı idi. Ancaq qərara gəldik ki, AFFA İcraiyyə komitəsinin martı 7-də keçiriləcək iclasına qədər biz yenidən görüşməliyik. Bu görüşdə bizə vahid konsepsiyaya gəlmək lazım olacaq. İki məşqçinin İcraiyyə komitəsinə qəbul etmək barədə maraqlı təkliflər də səslənib. Onlar burada bizim fikirlərimizi lazımı qaydada çatdırmalıdır. Məşqçilər təklif etdilər ki, onları yerli mütəxəssis Qurban Qurbanov və hörmətli məşqçi Mustafa Dənizli təmsil etsin. Onlar bizim adımızdan biz məşqçilərin gördüyü konsepsiyanı təqdim edəcəklər”, deyə Sadıqov məsələnin strateji tərəfini qeyd edib.
Mütəxəssis qeyd edib ki, konsepsiya heç də şəxsi tələblər deyil: “Ancaq qeyd etməyə dəyər ki, biz tələblərimizi və təkliflərimizi şəxsi maraqlar çərçivəsində deyil, ümumilikdə Azərbaycan futbolunun inkişafı üçün irəli sürmüşük. Hamı Azərbaycan çempionatının səviyyəsinin saxlanması fikri ilə çıxış edib. Görük göstərdi ki, biz bir yerdə toplaşanda, ortaq məxrəcə gələ bilirik”.
Görüşün ümumi məqsədinə gəlincə, Sadıqov bildirib: “Bütün bu müzakirələrin ümumi məqsədi, 2020-ci ilə güclü, rəqabət apara biləcək milli komanda formalaşdırmaqdır. Bu səbəbsən də gənc oyunçular mövzusu müzakirə edilib: onları komandalara cəlb etməyin ən yaxşı üsulları təklif edilib. Gənc futbolçular qarşısında bütün qapıların açıq olması ki, onlar rahat şəkildə, rəqabətsiz əsas heyətə düşə bilsinlər və ya əksinə, onlara legionerlər və təcrübəli yerli futbolçular arasında rəqabət şəraiti yaradılsın”.
Bundan başqa, Sadıqov komandasının TPL-in 21-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyuna da toxunub: Həmişə olduğu kimi, “mehtərlər”ə qarşı oyun çox çətin olacaq. Onlara qarşı öz oyununu hər komanda göstərə bilmir. Ola bilər ki, ötən tur “Sumqayıt”a qarşı oyunda son dəqiqələrdə buraxdığımız qol, komandaya mənfi təsir edib. Ancaq elə etmək istəyirik ki, hər şey geridə qalsın. Bizi maraqlı oyun gözləyir. Hər bir futbolçu özünün ən yaxşı oyununu göstərməyə çalışacaq.
Cari mövsümdə “təyyarəçilər” ağdamlılar üçün ən qeyri-münasib rəqib olublar. İlk iki dövrədə AZAL məğlub olmayıb – 1:0 və 1:1. Bu mövzunu AZAL-ın baş məşqçisi belə cavablayıb: “Mən onlara qarşı ən qeyri-münasib rəqib olaraq qalmağımızın lehinəyəm”.
Sadıqov həmçinin, heyətdəki bəzi problemlərə toxunub: “Sarı vərəqələrə görə, biz Cavid Tağıyevin xidmətlərindən yararlana bilməyəcəyik. Bu, ikiqat xoşagəlməzlikdir. Belə ki, Cavid limitin tələblərinə uyğun idi. Axı məlumdur ki, meydanda 21 yaşa qədər ən azı bir oyunçu olmalıdır. Bu problemi həll edəcəyik. Həmçinin, Xuan Fransisko da bizə kömək edə bilməyəcək. O, artıq uzun müddətdir ki, zədəsini müalicə etdirir”.
