13 fevral 2014 13:22
Millimiz FIFA reytinqində irəlilədi
Millimiz FIFA reytinqində mövqeyini yaxşılaşdırıb. Azerisport.az xəbər verir ki, ötən ayla müqayisədə Berti Foqtsun yetirmələri bir pillə irəliləyərək, 93-cü pilləyə yüksəliblər.
Millimizin hesabında 372 xal var. Son bir ay ərzində 10 xal qazanmağı bacarmış yığmamız Anqolanı geridə qoyub. Azərbaycanın siyahıda qonşuları isə Estoniya, Konqo (373 xalla, müvafiq olaraq 91 və 92-ci yerlər) və Botsvanadır (94-cü pillə, 360 xal).
Keçmiş SSRİ ölkələri belə sıralanıb: Ukrayna (18; 917), Rusiya (22; 862), Ermənistan (30; 771), Özbəkistan (57; 569), Belarus (82; 423), Estoniya (91, 373), Litva (102; 326), Gürcüstan (103; 325), Moldova (107; 305), Tacikistan (110; 285), Latviya (111; 282), Qazaxıstan (128; 214), Türkmənistan (129; 203) и Qırğızıstan (148; 155).
Türkiyə yığması 703 xalla 41-cidir.
Avropa yığmaları arasında Azərbaycan 53 yığma arasında 41-cidir.
Millimizin mart ayında Dubay toplanışı çərçivəsində rəqibi olacaq Filippin isə 219 xalla 127-cidir.
Ayın ən yaxşı komandası 14 pillə irəliləmiş Sent-Vinset və Qrenadinadır. Ən pis göstərici isə 19 pillə geriləmiş Toqo və Maliyə məxsusdur.
Dörd komanda tarixinin ən yaxşı nəticəsinə imza atıb: Kabo-Verde (27-ci pillə), Ermənistan (30-cu pillə), Panama (32-ci pillə), Quam (160-cı pillə). Ən aşağı tarixi göstəricisinə Norveç (60-cı pillə) və Yəmən (186-cı pillə) imza atıb.
İlk onluq belə sıralanıb: İspaniya - 1506, Almaniya - 1314, Argentina - 1255, Portuqaliya - 1219, Kolumbiya - 1211, İsveçrə - 1159, Uruqvay - 1157, İtaliya - 1135, Braziliya - 1125, Hollandiya - 1122.
Mart ayı üçün reytinq cədvəli isə növbəti ayın 13-də açıqlanacaq.
