9 fevral 2014 00:13
Rəvan İnterlə oyundakı hakimliyə kəskin etirazını bildirdi
“Rəvan” təmsilçiləri TPL-in 20-ci turu çərçivəsində “İnter”ə qarşı keçirilmiş oyunda (1:2) hakimliklə bağlı etirazını bildirib. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, narazılıqlar baş hakim Rauf Cabbarova yönəlib:
“Hakim meydanda qabaqcadan razılaşdırılmış yox, ədalətli qərarlar verməlidir. Ancaq həmin gün Rauf Cabbarov start fitindən final fitinəcən bizi asıb-kəsdi. İkinci hissənin əlavə edilmiş dəqiqələrinə qədər komandamız bərabərlik hesabını qoruya bilsə də, qondarma dörd dəqiqə və penalti komandamızın bütün əziyyətini yerə vurdu. Bu, hakimlik üçün sadəcə biabırçılıqdır. Rauf Cabbarovun idarəçilik etdiyi bütün oyunlarda biz ədalətsizliklə üzləşirik. O, bizə qarşı ilk dəfə deyil ki, belə edir. Belə hakimlər Azərbaycan futbolunda biabırçılıq ləkələridir. Bu adam hakim adına layiq deyil”, deyə klubun mətbuat xidməti bildirib.
