Berti Foqts rekord astanasında
UEFA-nın rəsmi saytı komandalarını AÇ-nin təsnifat mərhələlərinə çıxaran məşqçilər haqda növbəti materialı dərc edib. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Berti Foqts da qəhrəmanlar siyahısındadır:
“Bütün karyerası boyunca Münhenqladbah “Borussiya”sında çıxış etmiş Berti Foqtsun məşqçilik xidmətlərini Almaniyada çox vaxt qiymətləndirmirlər. Ancaq məhz onun rəhbərliyi altında almanlar AÇ-nin iki final mərhələsində mübarizə aparıb və AÇ-96-nın qalibi olublar ki, bu da “bundestim”in bu günə olan son böyük uğurudur. Mütəxəssis ölkəsində yeniyetmə futbolunun inkişafına daha böyük töhfələr verib. Bu, almanlara bu gün də öz bəhrəsini verir.
Foqts Şotlandiya və Azərbaycan yığmalarını AÇ-yə çıxara bilməsə də, o, bu ölkələrdə az uğura imza atmayıb. Belə ki, 2003-cü ildə onun rəhbərliyi altında Şotlandiya yığması Almaniya komandası ilə 1:1 hesablı heç-heçə edib. Sonra isə minimal hesabla Niderland yığmasına qalib gəlib. Foqts Matsanın (Campaolo Matsa, San-Marino yığmasının sabiq baş məşqçisi, bu vəzifədə hesabında 38 oyun var - red.) rekordundan cəmi iki oyun geri qalır. Foqtsun yaxın gələcəkdə komandası ilə AÇ-nin təsnifat mərhələlərində ən çox oyun keçirmiş baş məşqçi olmaq şansı var. Axı ötən ilin dekabrında alman mütəxəssis AFFA ilə yeni müqavilə imzalayıb”.
