Oğuz Çətin: Mustafa Dənizlinin kimin iləsə rəqabət aparmasına ehtiyac yoxdur
"Xəzər-Lənkəran"ın məşqçisi Oğuz Çətin azerisport.az saytına müsahibəsində Mustafa Dənizlinin səhhətindən və "Neftçi"yə qarşı növbəti tur oyunundan danışıb:
- İlk öncə Mustafa Dənizlinin səhhəti barədə soruşmaq istərdik. Vəziyyəti necədir?
- Allaha çox şükür ki, hər şey yaxşıdır. Bir saat əvvəl onun yanında idim. Həkimlər deyir hər şey qaydasındadır. Sabah xəstəxananı tərk edəcək. Növbəti tur komandasının yanında olacaq.
- Bu gün "Neftçi" - "Simurq" görüşünü izləyirdiniz. Oyun haqda deyə bilərsiniz?
- "Neftçi" komandası çox yaxşı futbolçulara malikdir. Gözəl oyun sərgilədilər. Heyətdə kifayət qədər səviyyəli futbolçuları var. Çempionatın ən güclü komandalarından biridir. Nəticə oyuna görə oldu. "Neftçi" daha yaxşı oyun sərgiləməklə layiqli qələbə qazandı.
- Sizcə, bu oyuna əsasən, “Xəzər Lənkəran” "Böyük oyun"a hazırlaşa bilər?
- Əsla, yox. Biz başa düşürük ki, "Neftçi" Lənkəranda tam başqa futbol oynayacaq. Bu gün "Neftçi" - "Simurq" görüşünə əsasən, “Böyük oyun”a hazırlaşmaq düzgün olmazdı. Ağ-qaraların heyətində istənilən oyunun nəticəsini dəyişə biləcək futbolçular var. Onlar meydanda bir-biri ilə gözəl anlaşır. Biz "Neftçi"yə qarşı tam başqa tərzdə hazırlaşacağıq. Onların Antalyada "Fənərbağça" ilə yoldaşlıq görüşünü də izləmişik. Yəni, məlumatlarımız var.
- Azərbaycanda bu oyuna xüsusi önəm verilir...
- Bu barədə məlumat almışam. Türkiyədə baş tutan derbilər kimidir. “Xəzər Lənkəran” və "Neftçi" arasında rəqabət var. Meydanda hər iki komanda yalnız qələbəyə oynayır. Lənkəranda azarkeşlər qarşısında gözəl futbol sərgiləmək üçün çox çalışacağıq. Bu oyuna önəm verilməsi müsbət haldır. Belə oyunlar futbola marağı artırır.
- Lənkəranda "Böyük oyun"dan yalnız qələbə gözləyirlər...
- Xəzər-Lənkəran bütün oyunlara qələbə üçün çıxır. İstəyirik, turnir cədvəlindəki mövqeyimizi düzəldək. Daha irəli gedək. Ona görə, hər görüşdə qələbə qazanmaq istəyirik. Sözsüz ki, "Neftçi" ilə oyundan da qələbə istəyirik.
- Media bu dueli həmçinin baş məşqçilərin dueli kimi də qiymətləndirir...
- Bu, düzgün olmaz. Meydanda iki komanda mübarizə aparır. İnşallah, ən güclüsü qalib gələr. Mustafa Dənizliyə kimin iləsə rəqabət aparmağa ehtiyac yoxdur. Fikrimi düzgün anlayın. Sadəcə, bizim məqsədimiz “Xəzər Lənkəran”ı gücləndirmək və zirvələrə daşımaqdır.
- “Simurq”la oyundan sonra Böyükağa Hacıyev Qarabağ üzərində qələbənizə işarə vuraraq, “Xəzər Lənkəran”ın dəyişdiyini söyləyib...
- Komandada dəyişiklik davam edir. Yeni oyunçuların heyətə tam uyğunlaşması, komandanın istədiyimiz oyunu sərgiləməsi üçün zamana ehtiyac var. Yaxın zamanlarda komanda daha yaxşı oyun sərgiləməlidir. Amma vaxtımız çox azdır, hər oyuna yalnız qələbə üçün çıxacağıq.
- İlk oyunlardan sonra Azərbaycan çempionatı haqda hansı fikirdəsiniz?
- Azərbaycan çempionatı inkişafdadır. Sadəcə, turnirə diqqət artırılmalıdır. Yəni, yerli gənc oyunçulara şans verilməlidir. Azərbaycanda çoxlu sayda gənc futbolçu var. Lakin onlara oynamaq şansı verilmir. Hər bir ölkənin inkişafı yerli futbolçuların gələcəyindədir. Bu gün biz Lənkəranda yerli oyunçulara şans vermək istəyirik. Komandada yerlilərin sayının artırılması üçün çalışırıq. Digər məqam, azarkeşlərlə bağlıdır. Futbol matçlarına azarkeşlərin gəlməsi daha yaxşı olardı. Futbolun gözəlliyindən biri fanatlardır.
