İqor Mitreski: Lənkəranda heç-heçə Neftçi üçün uğursuzluq olar
“Neftçi”nin müdafiəçisi İqor Mitreski azerisport.az saytına müsahibəsində TPL-in 20-ci turu çərçivəsində keçiriləcək “Böyük oyun”dan danışıb:
- Böyük oyuna hazırlıq necə gedir?
- Hər şey yaxşıdır. Düzü, hava soyuqdur. Ancaq nə etməli? Hava rəqib üçün də soyuqdur. Oyuna adi rejimdə hazırlaşırıq.
- Lənkəran stadionun qazonu neçə gündür ki, qar altındadır.
- Təbiət hadisələri ilə heç nə etmək olmaz. Ancaq bu, artıq Lənkəran klubunun problemidir. Stadion işçiləri ot örtüyünü qaydaya salmağa çalışmalıdır. Komandamız peşəkar idmançılardan təşkil edilib və biz istənilən ot örtüyündə oynamağa hazır olmalıyıq.
- Siz artıq bir neçə ildir ki, Azərbaycanda oynayırsınız və artıq “Böyük oyun” haqda öz təsəvvürünüz var. Sizin üçün bu oyun, nə deməkdir?
- Mənim üçün bu, əsl derbi, xüsusi oyundur. Bu görüş, həm azarkeşlər, həm futbol ictimaiyyəti və həm də jurnalistlər tərəfindən böyük maraq doğurur. Belə marağı görən futbolçu, əlbəttə ki, daha da toparlanır.
- Əgər 20 il sonra sizdən hansı komandalara qarşı oynamağın maraqlı olduğunu soruşsalar, cavabınız nə olardı?
- Azərbaycanda əlbəttə ki, “Xəzər Lənkəran”a qarşı. Belə oyunlarda iştirak etmək həmişə xoşdur. “Qarabağ” və “Bakı”ya qarşı oyunlar da maraqlıdır. Ancaq bu oyunlara az azarkeşin gəlməsi, bu görüşləri az maraqlı edir. “Xəzər Lənkəran”a qarşı oyunlar uzun müddət yadda qalır. Ümid edirəm ki, bu dəfə də Lənkəranda tribunaları dolu görəcəyəm.
- Yəqin ki, gələcək rəqibiniz “Qarabağ”a qarşı keçirdiyi son oyununa baxa bilmisiniz?
- Bəli. Lənkəranlıların yeni məşqçisi olduğu və bununla da yeni oyun üslubu gətirdiyi görünür. Onlar daha yaxşı oynamağa başlayıblar. Əminəm ki, bizə qarşı oyunda “Qarabağ”a qarşı oyundan daha çox toparlanacaqlar. Həm də bu oyun, onların bu il öz meydanında ilk görüşüdür. Təbii ki, hamı qələbə gözləyəcək. Ancaq bu, bizi xüsusilə narahat etməməlidir. Bizə sadəcə, Böyükağa Hacıyevin tapşırığını mütləq həll etmək və mütləq məsuliyyətlə oynamaq lazımdır. Əgər lazım gəldiyi kimi oynasaq, problem olmayacaq.
- Səfərdə belə rəqiblə heç-heçə “Neftçi” düşərgəsində yəqin ki, uğursuluq kimi qəbul edilməz.
- Hər il çempionluğa oynayanda heç-heçə məğlubiyyətə bərabər olur. Mənim üçün Moskva “Spartak”ında belə olub. İndi də “Neftçi”də. Heç-heçə bizim üçün uğursuzluq olar. Ona görə də “Xəzər Lənkəran”ı məğlub etməyə çalışacağıq.
- Bu turda sizin rəqibləriniz - “Qəbələ” və “Qarabağ” oynayır. Sizi hansı nəticə qane edər?
- Düşünürəm ki, heç-heçə. Ancaq hələ bu barədə danışmaq tezdir. Düşünürəm ki, hər üç komanda sona qədər çempionluq uğrunda mübarizə aparacaq.
