Cavid Hüseynov: Simurq Bakını parçalamağa çalışacaq
“Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynov azerisport.az saytına müsahibəsində TPL-in 19-cu turu çərçivəsində keçirilmiş oyunda “Rəvan” üzərində qələbədən (5:1), İspaniya toplanışı çərçivəsində Kiyev “Dinamo”suna qarşı yoxlama görüşündən və ölkə çempionatının növbəti turu çərçivəsində “Simurq”a qarşı keçiriləcək oyundan danışıb.
- “Rəvan”la oyun barədə nə deyə bilərsiniz?
- Uzunmüddətli fasilələrdən sonra ilk oyunlar həmişə gözlənilməz nəticələr verir. Heç zaman yekunda necə olacağını bilmirsən. Ancaq biz böyükhesablı qələbə qazana bildik. Düşünürəm ki, komanda yaxşı oynadı.
- Qış toplanışında bütün rəqiblərini məğlub etmiş “Rəvan”ı, belə böyük hesabla məğlub edəcəyinizi oyun ərəfəsində təxmin edərdiniz?
- Yəqin ki, yox. Ancaq yoxlama oyunları ilə rəsmi oyunların əlbəttə ki, fərqi var. “Rəvan” bunu göstərdi: üç yoxlama oyununda üç qələbəyə rəğmən, bu gün məğlub oldular. Bizə gəlincə, biz mövsümün ikinci yarısına yaxşı hazırlaşdıq.
- Yeri gəlmişkən, toplanışlar haqda. “Bakı” İspaniyada beş oyun keçirdi. Hansı oyun daha çox yaddaqalan oldu?
- Mən düşünürəm ki, Kiyev “Dinamo”su ilə oyunu desəm, aydın olar. Onlar üzərində qələbəyə çox yaxın idik, ancaq oyunun sonuna bir neçə dəqiqə qalmış qol buraxdıq.
- “Rəvan”a qarşı oyunda siz də son dəqiqələrdə qol buraxdınız. Bu, “Bakı”nın yeni sindromudur?
- Düşünmürəm. Sadəcə, 5:0 hesabı müəyyən arxayınlıq gətirir, xüsusən, oyunun sonlarında. Həm də, düşünürəm ki, rəqiq qolu oyundankənar vəziyyətdən vurdu. Sonra bu anın videotəkrarına baxmaq lazımdır.
- Qarşıda sizi “Simurq”la oyun gözləyir.
- Səfərdə oynayacağımızı nəzərə alsaq, asan olmayacaq. Bütün bunlara rəğmən, biz öz məqsədimizə - qələbəyə can atacağıq.
- TPL-in 19-cu turunda zaqatalalılar “Neftçi”yə böyük hesabla məğlub oldular (0:3).
- Hesab edirəm ki, ili ilk oyunlarından sonra qənaətə gəlmək lazım deyil. Lap 0:3 məğlub olsalar belə, bu, hələ heç nə demir.
- Yəqin ki, onlar sizə qarşı oyuna qəzəbli çıxacaqlar.
- İndi “Simurq” yaralı şir kimidir. Buna görə də onlar bizi parçalamağa çalışacaqlar.
