Stefano Mammarella: Komanda yoldaşlarımdan doğum günümə hədiyyə etməyi xahiş etdim
Futzal üzrə İtaliya yığmasının qapıçısı Stefano Mammarella açıqlamasında AÇ-nin “C” qrupunda son tur çərçivəsində Azərbaycan yığmasına qarşı keçirmiş oyunla (7:0) bağlı fikrilərini bildirib. Azerisport.az xəbər verir ki, Mammarella bunları söyləyib:
“Komanda yoldaşlarımdan doğum günümə 2:0 hesablı qələbəni hədiyyə etməyi xahiş etdim. Ancaq 7:0 alındı. Bu, böyük hədiyyədir. Mən qol vurdum. Deyəsən, son iki il ərzində ilk dəfə. Düşünürəm ki, Azərbaycan yığması əlavə meydan oyunçusu ilə oynayarkən, bizim məhz bu zaman yaxşı oynamağımız həlledici oldu. Onlar məhz bu zaman xüsusilə güclü olurlar. Sloveniya millisinə məğlubiyyətdən sonra, biz sanki cəhənnəmdə yaşayırdıq. Xoşbəxtlikdən, sonda qrupda birinci yeri tuta bildik.
Qəzəbdən gözlərimizi qan tutmuşdu. Ancaq xoşbəxtlikdən, bu oyun bitəndə hər şey öz axarına qayıtdı. Ad günümə həyat yoldaşım, oğlum, yaxın dostlarım gəlmişdi. Vurduğum qoldan sonra məhz onlar oturan tərəfə qaçdım”.
(UEFA)
