2 fevral 2014 11:44
FIFA Bakıya qarşı sanksiyalar tətbiq etməyi nəzərdə tutub
FIFA “Bakı”ya qarşı ən sərt sanksiyalar tətbiq edə bilər. Azerisport.az xəbər verir ki, buna səbəb, “Bakı” futbol klubunun FIFA-nın Mübahisələrin həlli palatasının ukraynalı futbolçu, hazırda “Neftyanik-Ukrnaft”da çıxış edən Ruslan Leviqanın işi ilə bağlı qərarına etinasızlığıdır.
Futbolçu son dəfə Bakının formasını 2011-ci ilin aprel ayıbda geyib. Sonra isə komandanın baş məşqçisi Aleksandr Starkov futbolçunu transferə çıxarıb.
2013-cü ilin iyununda Palata klub qarşısında futbolçunun borcunun ödənilməsi və bu borcun gecikdirilməsi ilə bağlı cərimə faizini ödəmək haqda rəsmi qərar çıxarmışdı. Buna rəğmən, “Bakı” futbol klubu tərəfindən heç bir müvafiq addım atılmayıb. Bununla əlaqədar olaraq, futbolçunun təmsilçisi, FIFA agenti Andrey Bileyçuk Palatanı müştərisinin işindəki təfsilatlar haqda məlumatlandırıb.
FIFA-da “Bakı”nın münasibəti təəccüb doğurub. Palatanın qərarına etinasızlıq ilə əlaqədar olaraq, sanksiyaların tətbiqi haqda AFFA-ya dəfələrlə xəbərdarlıq edilib. Güman ki, yaxın vaxtlarda “Bakı”nın hesabından yarış xallarının çıxılması və kluba iki transfer pəncərəsi müddətində transfer fəaliyyətinə qadağa qoyulması haqda qərar çıxarılacağı gözlənilir.
(çempionat.com)
