Alen Fetiç: Azərbaycan yığmasına məğlub olacağımızı düşünməzdim
Futzal üzrə Sloveniya millisinin oyunçusu Alen Fetiç azerisport.az saytına müsahibəsində Azərbaycan yığmasına qarşı keçirilmiş oyun (6:7) haqda fikirlərini bölüşüb:
- Belə bir oyundan sonra özünüzü necə hiss edirsiniz?
- Oyunun sonuna 20 saniyə qalmış qol buraxmaq çox acıdır. Mən özümü necə hiss edə bilərəm?
- Belə oyun gözləmirdiniz?
- Fantastik oyun idi. Ancaq təəssüf ki, bizim xeyrimizə bitmədi. Biz birinci hissəni yaxşı keçirdik, ancaq ikinci hissəni puç etdik. Azərbaycan yığmasının qapıçısının burada böyük xidmətləri var. Sizin ümumiyyətlə əla oyunçularınız var.
- Komandanız 5:2 hesabı ilə irəlidə idi. Belə bir üstünlüyü əldən verəcəyinizi düşünürdünüz?
- Yox. Məsələ yalnız nəticədə deyil. Axı biz daha yaxşı oynayırdıq. Belə bir üstünlüyü üstələmək elə də asan deyil.
- Necə düşünürsünüz, bu, rəqibin yaxşı oyununun yaxud komandanızın səhvlərinin nəticə idi?
- Öz komandama bəraət qazandırmaq istəmirəm. Ancaq rəqib son dəqiqələrdə daha yaxşı oynayırdı.
- Komandanızın dörddəbir finala çıxmaq şanslarını necə qiymətləndirirsiniz?
- Təəssüf ki, indi hər şey bizdən asılı deyil. Məsələn, Azərbaycan - İtaliya oyununda 7:8 hesablı nəticə təqdirin, biz evə yollanmalı olacağıq.
- Demək, daha az hesablı məğlubiyyətə və ya heç-heçəyə, ya da Azərbaycan yığmasının qələbəsinə azarkeşlik edəcəksiniz?
- Bu oyunda nə desən, baş verə bilər. Nə isə təklif etmək çətindir. Digər tərəfdən, heç-heçə ya Azərbaycan yığmasının qələbəsi bizi ikinci pillədə saxlayacaq və dörddəbir finalda çox güman ki, İspaniya millisi ilə qarşılaşmalı olacağıq. Bu, yarışa davam etmək üçün heç də ən yaxşı variant deyil.
