31 yanvar 2014 11:57
Ağasəlim Mircavadov: Kamran heç olmasa millini düşünməlidi
Veteran futbolçu Ağasəlim Mircavadov azerisport.az saytına açıqlamasında millinin qapıçısı Kamran Ağayevin məşqlərdən kənarda qalmasını şərh edib:
"Mənim vaxtımda onunla bağlı heç bir problem olmayıb. Ümumiyyətlə fikir vermişəm yerli məşqçilərin işlədiyi klublarda bizim futbolçularla bağlı problem olmur. Yalnıc əcnəbi məşqçilərin işlədiyi klublarda olur. Kamran Tovuzdan Lənkərana mən gətirmişəm. Yaxşı qapıçıdır. Etiraf edək ki, Azərbaycanın ən yaxşı qapıçısıdır. Buna görə ona hər zaman diqqət olub. Digər tərəfdən bu adam yanvarda klubla məşq etmədi. Komandayla birgə hazırlıq çox vacibdir. Klubla olan hazırlıq birbaşa praktikaya hesablanır. Əgər onu istəyən komanda olsaydı yəqin "Bakı"ya müraciət edərdilər. Məncə klubların hamısında qapıçı mövqeyi məşğuldur. Ona görə iş yerini dəyişə bilmir. Gərək millini düşünsün. Çünki, onun formasını itirməsi yığmayada təsir edəcək. Bu qapıçı millinin 1 nömrəsidir. Karyerasına belə söyuq yanaşma qəbuledilməzdir".
