Rauf Əliyev: İspaniya toplanışı zamanı xarici klublara özünü göstərmək məqsədim yox idi
“Bakı”nın hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində komandasının İspaniya toplanışı və TPL-19-cu turu çərçivəsində “Rəvan”a qarşı oyun barədə danışıb.
- Keçirdiyiniz toplanışı necə qiymətləndirirsiniz?
- Müsbət. Digər klubların əksərindən fərqli olaraq, biz toplanışı İspaniyada keçirmək qərarına gəldik. Burada güclü rəqiblərlə qarşılaşdıq. Bu, bizim üçün yaxşı təcrübə idi.
- Bu oyunların gedişində bir qol belə vurmadınız. Bu, sizi məyus edir?
- Bu görüşlərin yoxlama oyunları olduğunu nəzərə alsaq, bu, elə də vacib deyil. Əlbəttə, mən məyusam ki, qol vurmadım. Ancaq əsası, rəsmi, çempionat oyunlarında qol vurmaqdır.
- İspaniyada keçirdiyiniz hansı oyunu xüsusilə qeyd edərdiniz?
- Oradakı bütün oyunlar heç də asan deyildi. Ancaq Ukrayna komandaları “Dnepr” və “Dinamo”ya qarşı oyunlar ən maraqlı oyunlar idi.
- Maraqlıdır ki, “Bakı” ən qorxusuz rəqibə - İspaniya “B” Sequndası təmsilçisi “Linense”yə məğlub oldu (0:1).
- Bu oyuna qədər xüsusi yüklənmələrlə məşqimiz vardı. Biz bu oyuna sadəcə olaraq, digər oyunlara olduğu kimi hazırlaşmamışdıq.
- Bəs xarici klublar qarşısında diqqət cəlb etmək üçün özünüzü göstərmək istəyiniz olmayıb?
- Bu, mənim məqsədim deyildi. Mən sadəcə olaraq, özümü bacardığım kimi ifadə etməyə çalışır və meydanda can qoyurdum.
- Sizə digər klublardan təkliflər gəlib?
- Şayiələr vardı və başqa heç nə. Əvvəllər mən bunlara tez-tez diqqət ayırırdım. Ancaq yaşa dolduqca, ağıllandım və belə şayiələri təkzib etməyə alışdım. Onlar sadəcə mane olur. Hər halda, mənim “Bakı” ilə müqaviləm var.
- Hazırda komandada yalnız iki təmiz mərkəz hücumçusu qalıb: Siz və Marius Pena. Ancaq rumıniyalı meydana az çıxır və zədəsini sağaltmaqla məşğuldur. Rəqabətin yoxluğu sizi arxayınlaşdırmır ki?
- Düşünmürəm. Mən çalışıram ki, arxayınlaşmayım. Hətta, qeyd etdiyinizi də nəzərə alsaq. Bax, əgər mən pis oynasam, məşqçi məni əvəzləməyə adam tapar. Beləliklə, toparlanmada problem yoxdur.
- Artıq bu bazar günü komandanız TPL-in 19-cu turu çərçivəsində “Rəvan”a qarşı oynayacaq. Rəqib haqda yeni nə isə öyrənə bilmişiniz?
- Onların düşərgəsindəki son hadisələrlə azca maraqlanmışam. Yoxlama oyunlarının nəticələrinə görə, onlar indi daha yaxşı oynamağa başlayıblar. Ancaq “Rəvan” elə komandadır ki, nə gözlədiyini bilmirsən. Onların oyunu haqda qabaqcadan nə isə bilmək olmur və buna görə onlara qarşı oynamaq həmişə çətindir.
- “Bakı” yarış cədvəlində “İnter”dən yalnız şəxsi görüşlərdə üstünlüyə görə geri qalaraq, 5-ci pillədə qərarlaşıb. Necə hesab edirsiniz, komandanız medallar uğrunda mübarizəyə qoşula bilər?
- Hazırda bu, çox çətin görünə bilər. Ancaq qarşıda hələ 18 tur olduğunu nəzərə alsaq, hər şey ola bilər. Hələ heç nə qəti surətdə həllini tapmayıb. Ən azı biz Avropa Liqasına çıxmaq üçün mübarizə aparacağıq.
