Joze Alesio: Azərbaycan yığması qrupda birinci yerə iddialıdır
Futzal millimizin baş məşqçisi Joze Alesio azerisport.az saytına müsahibəsində AÇ-2014-ə hazırlıqdan, qrup mərhələsi planlarından və ümumi tapşırıqlardan danışıb.
- Son məşq iki saatdan çox çəkdi. Bu qədər uzun vaxta səbəb nədir?
- Daha çox taktika üzərində işlədik. Belə ki, məşqin ikinci yarısı yüngül məcrada keçdi. Digər tərəfdən, biz birdəfəlik məşqlərə keçmişik. Bununla, komandanı oyunqabağı yükləmək istəmirəm.
- Komanda AÇ-yə hazırdır?
- Biz yaxşı hazırlıq dövrü keçdik. İki toplanış oldu. Oyuna qədər iki gün müddətində həm fiziki, həm taktiki, həm də texniki cəhətdən 90% hazırıq.
- Bu hazırlıq dövrü, başqalarından komandanın xaricdə toplanışlara diqqəti ilə seçilir.
- Mən həmişə belə uzunmüddətli toplanışların tərəfdarı olmuşam. Məsələ bundadır ki, yığmanın bütün oyunçuları mənim rəhbərlik etdiyim “Araz”da çıxış etmir. Bu halda, uzunmüddətli toplanışlar həm komandaya, həm də ayrılıqda oyunçulara xeyirdir.
- İki il qabaq Xorvatiyadakı iflasdan sonra, bu yarışda komandadan nə gözləyək?
- İlk növbədə, qrupda birinci yerə iddialıyıq. Baxmayaraq ki, İtaliya və Sloveniya qrupumuzda yer alıb. Rəqiblərimizə hörmət edirik. Ancaq biz birinci yer tutmaq üçün hazırlaşmışıq.
- Bu gün qrupumuzda İtaliya və Sloveniya arasında ilk oyun keçiriləcək. Sizi hansı nəticə qane edir?
- Heç-heçə ideal nəticə olardı. Bu halda Sloveniya yığması üzərində qələbəmiz, son turda İtaliya yığması ilə heç-heçəyə imkan verər. Bu, mənim istəyimdir, ancaq oyunların nəticəsi tam başqa ola bilər. Hər şeyə hazır olmaq lazımdır.
- Siz lokal tapşırıqlardan danışdınız. Bəs yarışa gəlincə? Komandanız nəyə qadirdir?
- Çətin sualdır. Biz ən azı yarımfinala çıxmağa nail olmalıyıq. Səmərəli yol var. Bu, qrup birinciliyi və pley-offda rahat rəqiblərdir: Xorvatiya, Çexiya və Portuqaliya. Beləcə biz finala çıxa bilərik. Əgər qrup ikincisi olsaq, İspaniya və Rusiyadan biri ilə qarşılaşa bilərik. Finala çıxmaq əla olardı.
