Simurq Neftçi ilə oyuna hazırlaşır
Antalyadan qış təlim-məşq toplanışından qayıdan "Simurq", bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, paytaxtda məskunlaşan və Topaz Premyer Liqasının XIX turunun hazırlıqlarına başlayan komanda, bu gün iki məşqə çıxacaq.
Artıq səhər çalışmaları başa çatıb. Futbolçular fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fitness zalda fiziki gücün artırılmasından ibarət tapşırıqları yerinə yetirib. Axşam məşqi isə toplu çalışmalardan ibarət olacaq.
Dünən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxan Zaqatala təmsilçisinin iki saata yaxın davam edən hazırlıq prosesinə bütün futbolçular iştirak edib. Zədə səbəbindən İlkin Qırtımov, ayağında yüngül ağrılar olan Raul Kostin və yeni transferimiz Usim Nduka komandadan ayrı çalışıb.
Qeyd edək ki, "Simurq"un XIX turdakı rəqibi paytaxtın "Neftçi" klubu olacaq. Qarşılaşma fevralın 2-də, 15:30-da "Bakcell Arena"da keçiriləcək və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.
(Klub saytı)
