Georgi Lomaya: Qarabağ, Qəbələ və Neftçi ilə oyunlarda qalib gəlmək lazım olacaq
"İnter"in qapıçısı Georgi Lomaya azerisport.az saytına müsahibəsində Bələkdə keçirilən hazırlıqdan, milli çempionatdakı şanslardan və qapıçı mövqeyində rəqabətdən danışıb.
- Bələkdə hazırlıq zamanı altı yoxlama görüşü keçirdiniz və onlardan ikisində qalib gəldiniz. Nəticə sizin üçün nə dərəcədə vacib idi?
- Mənim üçün yoldaşlıq görüşlərində nəticə vacib deyil. Hamı bilir ki, bu oyunlarda heyət yoxlanılır. Yeni futbolçulara özlərini göstərmək üçün şans verilir. Əsas, rəsmi oyunlardır. Hətta "Bavariya" kimi komandada hazırlıq matçlarında uduzur. Bu gün üçün vacib olanı, çempionat oyunlarında maksimum xal toplamaqdır. Ümumilikdə hazırlıqdan razı qaldım. "İnter" bunun bəhrəsini görməlidir.
- "Aktobe" ilə oyunda 1:1 oynadınız. Braziliyanın üçüncü liqasında yarışan "Uniao"nu 2:0 hesabı ilə məğlub etdiniz...
- Hər bir oyun yadda qalan oldu. "Aktobe" ilə görüşdə şanslarımız çox idi, lakin istifadə edə bilmədik. Braziliya təmsilçisi ilə görüş gərgin alındı. Rəqib fiziki cəhətdən yaxşı hazırlıqlı idi. Bununla belə biz yaxşı oynadıq. İkinci hissədə bütün heyətimiz demək olar ki, dəyişdi. "İnter" sona qədər təzyiqi davam etdirdi və 2:-0 hesablı qələbə qazandı. Həmin oyunda yeni futbolçularımız da sınandı. Yeni transferlərin komandaya kömək olacağını düşünürəm.
- Fikrinizcə, hansı oyun daha çətin idi?
- Son oyun rəqibin səviyyəsi baxımından çətin idi. Almaniyanın "Arminiya" klubu yaxşı heyətə malikdir. Bununla belə 2:2 hesabı yaxşı nəticədir. Üstəlik komandamız qol vurmaq şansları daha çox idi. Yoldaşlıq matçları artıq arxada qaldı. "Arminiya" ilə görüşün nəticəsi toparlanmaq və özünəinam tərəfindən lazımdır. Çempionat oyunlar tam fərqli olacaq.
- Bütün oyunlarda baş məşqçi Səlahət Ağayevlə sənə bir hissə oynamaq şansı verdi. "İnter"in əsas qapıçısı kimdir?
- Bizim komandada üç qapıçı var - mənimlə yanaşı Səlahət Ağayev, Elşən Poladov. Hər üçümüz komandanın uğurları üçün çalışırıq. Baş məşqçi hansı qapıçı hazır olursa, onu start heyətdə meydana buraxır. Əsas qapıçı anlayışı bizə yaddır. Hər üçümüz komandanın uğuru üçün 90 dəqiqə oynamağa hazırıq.
- Çempionata pis başladınız, amma indi komandanız dördüncü pillədədir. Komanda ilə nə baş verirdi?
- Düzü nə baş verdiyini bilmirik. Əsas odur ki, uğursuzluqdan çıxdıq. İndi üçüncü pillədən 7 xal geri qalırıq. Bu, az deyil. Ona görə hər oyuna ciddi hazırlaşmalıyıq. Çempionatda rəqabət çox artıb. Hər bir rəqib liderdən xal almağa qadirdir. Maksimum xal toplamaq üçün ilk oyundan qələbə seriyamıza başlamalıyıq.
- İlk oyununuz AZAL-a qarşıdır...
- Bu komanda heyəti gücləndirib. Güclü futbolçuları var. Bizim məqsədimiz qələbə qazanmaqdır. Doğma meydanda digər nəticə bizi razı salmaz. Özü də bundan sonra xal itirmək olmaz. Artıq limitimiz bitib. Mükafatçılar sırasına düşmək istəyiriksə, 3 xala oynamalıyıq. Komandanın əsas hədəfi həm çempionat, həm də kubokda sona qədər mübarizə aparmaqdır. Yenidən avrokuboklara getmək istəyirik.
- Əksəriyyət çempionluğun "Qarabağ", "Qəbələ" və "Neftçi" arasında müəyyənləşəcəyini deyir...
- Hər bir rəqibə hörmətlə yanaşırıq. Amma qarşıda 18 tur var. Kim deyə bilər ki, 10 tur sonra "İnter" harada olacaq?! Mövqeyimizi yaxşılaşdırmaq üçün hər bir görüşdə qalib gəlməliyik. Başa düşürük ki, "Qarabağ", "Qəbələ" və "Neftçi" ilə oyunlarda qalib gəlmək lazım olacaq. Həmçinin onlar da bizi məğlub etməyə çalışacaqlar ki, fərqi azaltsınlar. Kimin çempion olacağını 3 ay sonra biləcəyik.
