Foqts FIFA-nın qərarından narazıdır
Millimizin baş məşqçisi Berti Foqts FIFA-nın bu il yoldaşlıq oyunlarının keçirilməsinə dair qərarından narazı qalıb. Azerisport.az xəbər verir ki, Foqts bunları söyləyib:
“FIFA müəyyən edib ki, rəsmi beynəlxalq yoldaşlıq oyunlarının son keçirilmə tarixi 5 martdır. Sonra oyunçuların yığmanın düşərgəsinə ancaq AÇ-2016-nın təsnifat mərhələsinin astanasında, 7 sentyabrda çağırmaq olar. Beləliklə, klublar mənim oyunçularımı yığmaya yalnız bu tarixlərdə buraxacaqlar”.
Alman mütəxəssis Çempionlar Liqasının keçirilmə formatına da toxunub: “Öz ölkəsinin çempionu olmayan, ancaq çoxlu pullar qazanan komandalar yarışı qrup mərhələsində başlayır. Ancaq Avropanın qeyri-aparıcı futbol ölkələrinin çempionları isə altı oyunu əvvəlcədən keçirir ki, qrupa düşsünlər. Burada hər şey varlı klubların daha da varlı olması, inkişafda olan ölkələrin komandalarının isə daha çox işləməsi üçün qurulub”.
