Florin Çernat: Mənə qalsa, Dənizlinin komandasına keçərdim
“Çaykur Rizespor”un yarımmüdafiəçisi Florin Çernat azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran”, xüsusən də Mustafa Dənizli tərəfindən özünə olan maraq haqda danışıb.
- Sizə Azərbaycan klubunu marağı haqda eşitmisiniz?
- Mətbuat indiyə qədər bu barədə yazır. Bilmirəm bu söz-söhbət haradan qaynaqlanır.
- Ancaq maraq olub?
- Bəli. Ancaq bu söhbət biz Antalyada olarkən bitmişdi. Klub mənim keçidimə razılıq vermədi. Mövzu artıq bağlıdır.
- Bəs buna necə reaksiya göstərdiniz?
- Normal. “Xəzər Lənkəran” mənə maraq göstərən yeganə klub deyil. Ancaq Dənizli məni öz komandasında görmək istədiyini dedi.
- Sizdən olsa, Azərbaycana köçməyə razılıq verərdiniz?
- Bu vəziyyətdə mənim aid olduğum klubun söz hüququ var. Buna mən qərar versəydim, “Xəzər Lənkəran”da oynayardım. Niyə də yox?
- Komandanız Antalyada “Xəzər Lənkəran”la qarşılaşdı. Komanda xoşunuza gəldi?
- Bu, yoxlama oyunu idi və belə oyunlarda komanda haqda mühakimə yürütmək olmaz. Hamımız ikinci dövrəyə hazırlaşırdıq. Belə isə komandanın potensialı olduğu görünür.
- Sizcə, Mustafa Dənizlinin Azərbaycanda perspektivləri var?
- Mən onun rəhbərliyi altında oynamışam və bilirəm ki, o, nəyə qadirdir. Düşünürəm ki, o, uğura nail olacaq. Bilirəm ki, yeni komandanı dirçəltmək ona asan olmayacaq. Ancaq Dənizlinin məşqçi keyfiyyətləri ona Azərbaycanda da özünü göstərməyə imkan verəcək.
