Cabava Dvali: Qarabağın çempion olması üçün hər oyunda qol vurmağa çalışacağam
"Qarabağ"ın yeni futbolçusu Cabava Dvali Azərbaycan mətbuatına ilk müsahibəsini verib. Azerisport.az xəbər verir ki, futbolçu yeni komandası haqda danışıb, Nikoloz Gelaşviliylə dost olduğunu söyləyib və "Neftçi"ilə oyunları xatırlayıb.
- "Qarabağ"a keçidin necə alındı?
- Hər şey tez baş verdi. Bu komandanın mənimlə maraqlandığını öyrəndim. Danışıqlardan sonra, məsələ müsbət həll olundu. Azərbaycan Gürcüstana yaxın olduğu üçün məlumat toplamaq çətin olmadı. Üstəlik, "Qarabağ" haqda informasiyam var idi. İcarə əsasında 6 ay bu komandanın şərəfini qoruyacağam. Çox istərdim ki, mövsümü mükafatla başa vuraq.
- "Qarabağ" haqda informasiyan haradandı?
- Bu komandada oynayan Nikoloz Gelaşviliylə dostam. O, "Qarabağ"a keçəndə oyunlarını izləmişdim. Ona görə "Qarabağ"ın Avropa Liqasında və Azərbaycan çempionatında bəzi oyunlarına baxmışam. Bilirəm ki, iddialı klublardan biridir. Cari mövsüm liderliyə yüksəlib. İndi gərək, o liderliyi sona qədər qorusun.
- Gelaşvili "Qarabağ"a təzə gələndə mətbuat onun adaptasiyanı gec keçdiyini yazırdı. Sanki, tez uyğunlaşmadı...
- Nikolozla Tiflis "Dinamo"sunda birgə oynamışıq. Onun yaxşı futbolçu olması hamıya məlumdur. Fikrimcə, komandaya xeyri çox olacaq. Futbola təzə gələndə müəyyən problemlərin olması normaldır. Lakin, mən Nikolozun komandaya kömək olduğunu düşünürəm.
- İkiniz də hücumda yer alsanız yəqin hücumlar daha təhlükəli alınar...
- Onunla çoxdan tanışam. Heyətlə bağlı məsələ baş məşqçiyə aiddir. O, necə istəsə elə də olacaq. Mənim işim komandaya xeyir verməkdir. Bunun üçündə çalışmağa hazıram.
- "Neftçi" ilə oyunları necə xatırlayırsan?
- Pis xatirədir. Çünki, onda biz "Neftçi"yə uduzmaqla mübarizəni dayandırdıq. Hər iki oyunda oynamışam. Gürcüstandakı görüşdə qol da vurmuşam. O vaxt komandanız çox güclü idi. Bununla belə, biz qalib gəlmək istəyirdik. Evdə yaxşı oynasaq da, sonradan qol buraxdıq və nəticədə avrokuboklarla vidalaşdıq.
- "Neftçi" o vaxt güclü idi, yoxsa indi?
- Müqayisə etmək çətindir. "Neftçi"nin son oyunlarını izləməmişəm. Ona görə suala cavab verməyəcəyəm. Müəyyən vaxt lazımdır. Hazırda Azərbaycan çempionatındakı komandalarla bağlı məlumatım azdır. Ona görə, müqayisə etsəm yanlışlığa yol verəcəyəm.
- "Neftçi"yə yenidən qol vurmaq lazım olacaq. Çünki, "Qarabağ"ın əsas rəqiblərindən sayılır...
- Rəqiblərə hörmətlə yanaşıram. Amma fərqləndirmək istəməzdim. "Qarabağ"ın çempion olması təkcə bir rəqibdən asılı deyil. Hər görüşdə maksimum nəticəyə oynamaqla uğur qazanmalıyıq. Çempionluq üçün hər oyunda qol vurmağa çalışacağam. Rəqibin kimliyi fərq etmir. Çempionatda olan bütün komandalar bizim rəqibimizdir. İlk mövsümdə Azərbaycanda uğur qazanmağı arzulayıram.
