Leonardo da Silva: Anjiyə Qəbələyə görə keçmədim
“Qəbələ”nin yarımmüdafiəçisi Leonardo da Silva Belekde azerisport.az saytına müsahibə verib.
Braziliyalı “Volqa”ya qarşı oyunu (0:0) şərh edib: “Biz yaxşı oynadıq və müvafiq olaraq fiziki cəhətdən yaxşı görünürdük. Daha güclü idik. Oyunçular sakit görünürdü. Mənə gəlincə, özümü yaxşı hiss edirəm. Axı toplanışa başqalarından azca gec gəlmişəm. Mənə bir qədər vaxt lazımdır. Düşünürəm ki, bir həftə sonra daha yaxşı olacağam”.
22 yaşı futbolçu toplanışa gecikməyə görə klub tərəfindən cərimələndiyini də etiraf edib: “Bəli, bu, həqiqətdir. Mən pul cəriməsi almışam. Ancaq düzü, hansı məbləğdə cərimələndiyimi bilmirəm”.
Leonardo TPL-də bu mövsüm komandasının medalsız qalmayacağına əmindir: “Çempionatı ilk üçlükdə bitirməyə potensialımız yetərlidir. Birinci və ikinci dövrədə olduğu kimi oynamağa davam etməliyik. Ancaq futbolda bəzən oyunu cərimə meydanına uzun top atışından sonra da məğlub olmaq olar”.
Braziliyalı “Qarabağ”dan olan həmkarlarına valeh olduğunu da dilə gətirib: “Qəbələ”nin ciddi rəqibləri var. Mənə “Qarabağ”ın oyunu xoş gəlir. Xüsusən Çumbinyo və Reynaldo. Çumbinyonu “Qəbələ”də görmək istərdim.
“Çempion ola bilərikmi? Əlbəttə. Əgər bir qələbə çox qazansaydıq, hazırda çempionatın lideri idik”, deyə cənubi amerikalı qeyd edib.
Leonardo bu qış hansı səbəbə “Anji”yə keçmədiyinə də aydınlıq gətirib: “Mənə belə bir təklif gəlmişdi. “Anji”yə keçidim mümkün variant idi. Menecerimdən üç gün cavab gözləmişəm. O, mənə “hə” ya “yox” cavabı verməli idi. Ancaq mən bu mövsümü “Qəbələ”də başa vurmaq istədim”, deyə Leonardo fikrini tamamlayıb.
