22 yanvar 2014 19:11
Xodukin: Kəmiyyət baxımından belə nəticədən razı qalmaq olar
“İnter” PİK-in Uşaq-Gənclər Futbol Məktəbinin inkişaf layihəsi üzrə meneceri Valentin Xodukin müxtəlif yaş kateqoriyaları üçün mövsümün birinci hissəsinin nəticələrini dəyərləndirib, həmçinin mövsümün ikinci hissəsinə hazırlığın gedişi barədə məlumat verib. Azerisport.az xəbər verir ki, Xodukin bunları söyləyib:
“U-11-dən tutmuş U-19-dək aparılan 8 çempionatın yalnız birində-U-16 komandalarının mübarizə apardığı turnirdə “İnter”in komandası ilk üçlükdən geri qaldı. U-16 komandamız 6-cı yerdə qərarlaşdı. Qalan komandalar birinci, ikinci və ən pis halda üçüncü yerləri tutdu. Kəmiyyət baxımından belə nəticədən razı qalmaq olar, lakin bizi təkcə oyun keyfiyyəti yox, həm də oyunçuların hazırlıq səviyyəsi də maraqlandırır.
Biz komandaların mövsümün ikinci hissəsinə hazırlıq planlarını tərtib etmişik. Məşqçilər tapşırıqlarını alıblar. Məşq prosesi fəal keçdi. Qış bizə xüsusi problem yaratmadı. Soyuqların düşməsindən sonra kiçik yaş qruplarımız qapalı zalda məşq etdi.
Tezliklə U-14 komandalarının kubok turniri başlayır və bizim komanda bu turnirdə iştirak etmək üçün fəal hazırlaşır”.
(Klub saytı)
