Asif Məmmədov: Hələ bilmək olmaz ki, kim çempion olacaq
"İnter"in futbolçusu Asif Məmmədov azerisport.az saytına müsahibəsində Bələkdəki hazırlıqdan, komandanın keçirdiyi oyunlardan danışıb.
- Hazırlıq necə gedir?
- "İnter" üçün bu hazırlıq çox vacibdir. Bildiyiniz kimi, çempionata çox böyük itkilərlə başladıq. Ona görə səhvlərimizi aradan qaldırmalıyıq. Keçirdiyimiz üç yoxlama görüşündə yaxşı təsir bağışlamışıq. İlk oyunda Hollandiya komandasını 8-0 hesabı ilə məğlub etdik. Rəqib zəif olsa da, oyun ərzində çoxlu sayda qol vəziyyəti yaratmağa çalışdıq. Ardınca, Almaniyanın "Holştayn Kil" klubuna uduzduq. Həmin görüşdə bəzi əsas oyunçularımız iştirak etmədi.
- "Aktobe" ilə görüşdə də qələbə qazana bilmədiniz...
- "İnter" 90 dəqiqə hücumda oldu. "Aktobe" yaxşı komandadır. Sadəcə, biz güclü idik. Qol imkanlarımız çox olsa da, fərqlənə bilmədik. Sonda qol buraxdıq. Hesab oyuna görə olmadı. Əlbəttə, bu yoxlama görüşüdür. Bizim üçün əsas Azərbaycan çempionatında yaxşı oynamaqdır. Yoxlama görüşlərində oyun səviyyəsini yüksəltməyə çalışırıq.
- "Aktobe" ilə oyunda qol şanslarını boşa vermisiniz, deməli hələdə hücumda müəyyən problemlər var...
- Hücum xəttində istədiyimiz kimi oynaya bilmədik. Komanda bütün gücü ilə irəli atılır, amma qol imkanlarımızı dəyərləndirmirik. Yeni transferimiz, Kosta-Rikadan olan futbolçu bizi qoşulandan sonra ön xəttə problemin olmayacağına ümid böyükdür.
- Adətən, deyirlər ki, yoldaşlıq matçındakı qələbələr çempionatda komandalara kömək olur...
- Mən razıyam ki, yoldaşlıq matçlarında qələbə qazanmayaq. Amma çempionatda yaxşı çıxış edək. Fevraldan bizi çətin oyunlar gözləyir. Komandamızın çempionatı mükafatla başa vurmaq şansları hələ də qalır. Öz səhvlərimizi özümüz həll etməliyik. Fikrimcə, ikinci yarıda daha yaxşı oyun nümayiş etdirəcəyik. Rəqiblərin güclənməyindən xəbərdarıq. İlk üçlükdə olan komandalarla yanaşı digərləri də möhkəmlənir. Bununla belə, hər şey yaşıl meydanda məlum olacaq.
- Çoxları "Qarabağ"ı çempionluğa daha yaxın sayır. Həm də "Qarabağ" inamlı təsir bağışlayır...
- İkinci yarıda hamı xal itirəcək. Ona görə heç bir komandanı indidən çempion elan etmək düzgün deyil. Hələ çempion məlum deyil. Çempionluğa yaxın olmaq şansları dəyərləndirmək kimidir. Qızıl medallara bir neçə komanda yaxındır. Amma sonda bir komanda sevinəcək.
- "İnter"i "Neftçi"dən 7 xal ayırır...
- 7 xal az deyil. Bununla belə biz bu fərqi aradan götürə bilərik. Qarşımızda məqsəd mümkün qədər çox qələbə qazanmaqdır. Cari mövsümü yaxşı başa vurmaq üçün medal qazanmaqla mükafatçılar sırasına düşmək lazım gələcək. İnanıram ki, sonda "İnter" üçlükdə olacaq və yenidən avrokuboklarda iştirak edəcək. Bu il çempionat daha gərgin keçir. Ona görə adi səhv komandanı liderlər qrupundan uzaqlaşdırır.
- Dördüncü yoxlama oyununda əvvəldə Çin komandasına qarşı oynayacağınız deyilirdi. Sonda Almaniyanın "Zayts" klubuna qarşı mübarizə aparacağınız dəqiqləşdi...
- Alman klubları çətin rəqiblərdi. Onlarla heç bir görüş asan olmur. Bizim üçün çempionata hazırlaşmaq əsas məqsəddir. Alman klubuna qarşı qələbə qazanmağa çalışacağıq. Lakin digər nəticə bizim əhvalı korlamayacaq. Bu rəsmi görüşlər deyil. Vacib olanı, çempionat və kubokdur.
