20 yanvar 2014 15:00
Rasim Ramaldanov: Bu, hələ faciə deyil
“Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanov “Gənclərbirliyi”nə qarşı keçirilmiş yoldaşlıq oyundan sonra (0:2) azerisport.az saytının müxbirinin suallarını cavablayıb:
“Biz yoldaşlıq oyununu yaxşı rəqiblə keçirdik. “Gənclərbirliyi” Superliqa təmsilçisidir və yaxşı mövqelərdə qərarlaşıb. Onlar Türkiyədə mövsümə pis başlasalar da, məşqçi dəyişikliyindən sonra çox yaxşı oynayırlar. Biz isə bu 14-15 gündə nə dərəcədə hazır olduğumuzu görmək istəyirdik. Düzdür, ayağımdakı döyənəyə görə fasilədən sonra əvəzlənmişdim. Hazırlığı davam etdirir və oyunumuzu yaxşılaşdırırıq”.
- Hamı qeyd edir ki, ilk yoldaşlıq oyununda “Xəzər Lənkəran” daha yaxşı görünürdü.
- O oyunnda qol vurmaq üçün yaxşı vəziyyətlərimiz vardı. Top iki dəfə dirəyə dəydi. Bəli, qələbə qazana bilərdik. Ancaq yenə də, toplanışlarda bu, əsas deyil.
- Dənizlinin rəhbərliyi altında özünüzü start heyətində görürsünüz?
- İndi kimin burada olacağını demək olmaz. Baş məşqçi özünə uyğun oyunçuları seçir. Qoy, güclü olanlar oynasın. Axı komandanın qələbə qazanması və yuxarı qalxması vacibdir.
- Məşqçinin sizə etibarını hiss edirsiniz?
- Hiss etməsə idim, “Xəzər Lənkəran”da olmazdım.
- Mustafa Dənizli haqda nə deyə bilərsiniz?
- Çox ciddi adamdır. Öz işini yaxşı bilir. Onunla biz çox şeyə nail olacağıq.
- Deyirlər ki, onun dəmir intizamı var.
- Dəmir kimi! Mən düşünürəm ki, bu, komandanın ancaq xeyrinədir.
- Demək, biz başqa “Xəzər Lənkəran” görəcəyik?
- Düşünürəm ki, hə. Ancaq qabağa qaçmaq istəmirəm. Axı meydan düz, top isə yumrudur.
- Axı TPL-də tərəqqi etmək üçün, oyun keyfiyyətini yaxşılaşdırmaq zəruridir.
- Hələlik hər şey elə qorxulu deyil. Bu, hələ faciə deyil. Axı qarşımızda uzun bir marafon var. Hələ çox şey dəyişə bilər.
- Fevralda millimiz AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində rəqiblərini tanıyacaq. Nə gözləyirsiniz?
- hər bir futbolçu nisbətən zəif komandalarla oynaya bilər. Onda daha yaxşı nəticə göstərmək və qrupdan çıxmaq üçün mübarizə aparmaq olar.
