Kamran Ağayevə sahib çıxan tapılmır
"Bakı" klubunun rəsmi olaraq transferə çıxardığı Kamran Ağayevin karyerası təhlükədədir. Azerisport.az xəbər verir ki, komanda İspaniyada hazırlıq keçdiyi günlərdə millinin qapıçısı paytaxtda dincəlir.
Klub rəsmi olaraq onun transferə çıxarıldığını elan edərək qapıçı ilə maraqlanan komandalarla danışıq aparmağa hazır olduğunu bildirib. Ağayevi istəyən klub "Bakı"ya təzminat ödəməklə transferi reallaşdıra bilər. Lakin hazırda Kamranın xidmətində maraqlı olan klub yoxdur.
Kamran Ağayevlə maraqlanan klublar arasında ilk olaraq "Qəbələ"nin adı çəkilirdi. Klub rəsmiləri hazırda onun xidmətində maraqlı olmadığını açıqlamaqla "Bakı"ya böyük məbləğdə təzminat ödəmək fikrində olmadıqlarını sübut etdilər. Ağayevin bir sıra təkliflərin olmasını söyləməsi həqiqəti əks etdirmir. Fakt odur ki, hazırda millinin qapıçısı ilə bağlı "Bakı"ya heç bir müraciət olmayıb. Bu barədə klubun vitse-prezidenti Yaşar Seyidov bunları dedi: "Kamran Ağayevlə maraqlanan klub təzminat ödəməklə onun keçidini həll edə bilər. Biz danışıqlara hazırıq. Sadəcə hazırda Kamranla bağlı heç bir müraciət yoxdur. Mətbuatda müəyyən məlumatlar yazılsa da, onunla rəsmi şəkildə maraqlanan klub olmayıb".
Kamran Ağayevin qış hazırlıq dönəmini boşa verməsi onun hazırlığına təsirsiz ötüşməyəcək. Əgər onun başqa kluba keçidi alınmasa Ağayev karyerasını "Bakı"da davam etdirəcək. Yaşar Seyidovun sözlərinə görə klub müqavilə şərtlərini yerinə yetirməyə hazırdır. Sadəcə qapıçı ilə yollarını ayırmaq istəyən baş məşqçi Milinko Pantiçin ona əsas heyətdə şans verəcəyi inandırıcı görünmür. Ağayev ya əvəzedicilərdə oynayacaq, ya da əsas heyətdə növbə gözləməli olacaq. Görünən odur ki, Kamran Ağayevin "Bakı"dakı karyerası təhlükə altındadır.
Qeyd edək ki, azərisport.az-a müsahibəsində intizamsızlıqla bağlı heç bir problemin olmadığını deyən Kamran Ağayevin klubdan ayrılmasını baş məşqçi Milinko Pantiç istəyib. Klub prezidenti Hafiz Məmmədovla görüşən mütəxəssis Ağayevin müəyyən səbəblərə görə transferə çıxarılmasını məqsədəuyğun sayıb. Belədə Hafiz Məmmədov məşqçinin işinə müdaxilə etməyib. Premyer Liqa klublarında qapıçı problemi olmadığı üçün Ağayevin karyerasını harada davam etdirəcəyi müəmmalıdır.
